Məhkəmə qərarları › İş №3(067)-442/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-442/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-442/2023 28.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərib etmiş şəxs X5, müdafiəçi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Xaçmaz rayonunun Fərzəli-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Fərzəlioba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 27 mart 2023-cü il tarixdə, saat 16:20 radələrində Xaçmaz RPŞ Xudat PB-nin inzibati binasının qarşısında Güldanə Daşdəmirovanın və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayonunun Fərzəlioba kəndində yaşayan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs atası İsrafil barəsində sonuncunun qohumu, yəni qardaşı qızı X6 PB-yə ərizə ilə müraciət edərək əmisi İsrafilin ona saxta beş yüz manat pul verdiyini bildirmişdir. Bu barədə hazırda həmin polis bölməsinin təhqiqat bölməsində araşdırma aparılır. X4 xx.xx.2023-cü il tarixdə 5-6 nəfərlə birlikdə Xudat PB-nin qarşısına gələrək DİN-nin “102” xidmətinə bir neçə dəfə zəng edərək atasının polis bölməsinə qanunsuz olaraq gətirilməsini demişdir. Polis əməkdaşları Şəxs izah etmişlər ki, atasının barəsində verilmiş ərizə üzrə təhqiqatçı tərəfindən araşdırma aparılır, atası buraxılacaqdır. Lakin Şəxs yenidən “102” xidmətinə zəng edərək ucadan qışqıraraq şikayət etməyi davam etmişdir. Şəxs polis bölməsinin qarşısında olan oturacaqda əyləşmiş Güldanə Daşdəmirovanın ünvanına qışqıraraq nalayiq ifadələr işlətməyə başlamışdır. PB-nin məsul növbətçisi Firudin Kərimov çıxaraq Şəxs sakitləşdirməyə çalışmış, lakin sonuncu tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Məcburiyyət qarşısında qalaraq xidmətdə olan post patrul əməkdaşları çağırılmış, Şəxs polis əməkdaşlarının tələblərinə yenə tabe olmamış, bundan sonra Şəxs polis əməkdaşları tərəfindən PB-nin inzibati binasına aparılarkən orada da qışqırıb, inzibati binanın divarına təpiklə vurmuşdur. PB-nin inzibati binasının daxilində əməliyyat müvəkkilləri də dəhlizə çıxaraq Şəxs intizama dəvət etmişlər, lakin sonuncu sakitləşməyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmçinin bildirmişdir ki, Şəxs polis bölməsində müdafiəçi istəyib-istəməməsi barədə soruşmuş, lakin Şəxs müdafiəçidən, izahat verməkdən, ona hüquq və vəzifələrinin izah olunmasından imtina etmişdir. Polis bölməsində Şəxs döyülməsi halı isə olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, onun atası Güldanə Daşdəmirovadan min üç yüz manat borc pul almış, daha sonra isə atası həmin pulu qaytarmaq üçün bankdan kredit almış və Güldanəyə qaytarmışdır. Sonradan isə Güldanəgil onlara demişdir ki, pulun yeddi yüz manatı saxta puldur. Bu isə ola bilməzdi. Atası İsrafil ona zəng edərək Güldanənin polisə şikayət ərizəsi ilə müraciət etdiyini, polis bölməsinə çağırıldığını bildirmişdir. O, atasına rəsmi çağırış təqdim edilmədiyindən polis bölməsinə getməməsini demişdir. Lakin polis əməkdaşları gələrək atasını yaşadıqları kənddən götürüb Xudat PB-yə aparmışlar. O, DİN-nin “102” xidmətinə zəng edərək polislərin atasını polis bölməsinə qanunsuz apardıqlarını bildirmiş, ona araşdırılaraq bu barədə məlumat veriləcəyi bildirilmişdir. Bundan sonra o, atasının yanına, yəni Xudat PB-yə getmişdir. Lakin PB-də onu içəri buraxmamışlar, o isə atası gözdən ikinci qrup əlilliyi olduğundan sonuncunun yanına getmək üçün içəri daxil olmaq istəmiş, orada işləyən, Güldanənin qonşuluğunda yaşayan polis əməkdaşı onun üzərinə gələrək onu sözlə hədələmişdir. Sonra isə o, polis bölməsinin qarşısına çıxmış, orada Güldanə ilə aralarında mübahisə olmuş, polis əməkdaşları onu kobud şəkildə dartaraq PBnin inzibati binasına aparmaq istəmişlər, onun bədəni zədələnmişdir. Bundan sonra o, elə orada yenidən “102” xidmətinə zəng edərək polislər tərəfindən ona qarşı edilən hərəkətlər barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşlarına iradını bildirmiş, polis əməkdaşları isə onu kobud şəkildə tutaraq polis bölməsinin içərisinə salmış, bölmənin binasının giriş hissəsində o, yerə yıxılmış, polis əməkdaşlarından biri onun üz nahiyəsindən yumruqla vurmuş, onun sifətindən qan gəlməyə başlamış və şişmişdir. Həmçinin bildirmişdir ki, o, hazırkı hadisə ilə bağlı polis bölməsində müvəqqəti saxlanılma yerində bir gün saxlanılmış, saxlanıldığı həmin müddət ərzində polis tərəfindən ona qarşı fiziki təzyiq edilməmişdir. Hadisə zamanı o, ola bilsin, əsəbi olub hansısa hərəkətlər etmişdir, lakin polis ona fiziki təzyiq göstərməli deyildir. Ona görə də o özünü təqsirli bilmir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan 27 mart 2023-cü il tarixli ərizədən və izahatdan görünür ki, X1 PB-yə müraciət edərək bildirmişdir ki, o, əmisi İsrafil barəsində X10 şikayət ərizəsi ilə müraciət etdiyindən xx.xx.2023-cü il tarixdə o və əmisi İsrafil bununla bağlı polis bölməsində olduqları zaman İsrafilin oğlu Şəxs gələrək həmin polis bölməsinin qarşısında, yol ilə gedib-gələn insanların yanında ucadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli raportlardan, izahatlardan və fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixində Xaçmaz rayonu Çinartala kənd sakini Güldanə Daşdəmirovanın müraciəti əsasında X10 dəvət olunmuş Xaçmaz rayonu Fərzəlioba kənd sakini X4 Qəribov X10 gələrək bölmənin inzibati binasının qarşısında istifadəsində olan mobil telefonla DİN-in “102” saylı zəng xidmətinə müraciət etdikdən sonra bölmənin qarşısında ucadan qışqırıb səs-küy salaraq ətrafda keçən vətəndaşları oraya toplayaraq nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, xidmətdə olan polis əməkdaşları onu növbətçi hissəyə dəvət etmiş, bundan sonra Şəxs növbətçi hissədə də öz qanunazidd hərəkətlərini davam etdirmişdir. İş materiallarından müəyyən edilir ki, Şəxs 27 mart 2023-cü il tarixdə, saat 16:20 radələrində Xaçmaz RPŞ Xudat PB-nin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 27 mart 2023-cü il tarixdən saat 18:00-dan 28 mart 2023-cü il tarixə saat 11:30-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1994-cü ildə Xaçmaz rayonunun Fərzəli-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun xx.xx.2023cü il tarixdən saat 18:00-dan xx.xx.2023-cü il tarixə saat 11:30-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar