Məhkəmə qərarları › İş №3(067)-442/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-442/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-442/2025 03.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Kolin” inşaat şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Ustacəlli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs 28 fevral 2025-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində idarə etdiyi avtomobillə xırda xuliqanlıq hərəkətləri edərək ərazidə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs 28 fevral 2025-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində idarə etdiyi avtomobillə xırda xuliqanlıq hərəkətləri edərək ərazidə nalayiq ifadələr işlətmişdir. Bu səbədən materiallar toplanaraq müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 28 fevral 2025-ci il tarixdə axşam saatlarında işlədiyi şirkətə məxsus “Mitsubishi” markalı avtomobillə Xaçmaz şəhəri N.Nərimanov küçəsi ilə hərəkətdə olarkən həmin vaxt hava qarlı olduğundan yolda yeniyetmə uşaqların yolun üzərində qarda sürüşdüklərini və yolun piyadalarla dolu olduğunu görüb hər hansı yol qəzası baş verməməsi üçün təhlükəsizlik tədbiri görərək nəqliyyat vasitəsinin sürətini tam azaltmışdır. Həmin vaxt yeniyatmə uşaqların bir neçəsi qarda sürüşmək üçün avtomobilinin arxa bufer hissəsindən tutaraq avtomobilin arxasınca sürüşdüklərini görüb avtomobili saxlamışdır. Lakin həmin vaxt heç bir ictimai qaydanı pozmamış, hər hansı nalayiq ifadələr də işlətməmişdir. Ona görə də iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tövsifedici əlaməti xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Şəxs 28 fevral 2025-ci il tarixdə nalayiq ifadələr işlətməklə, yaxud ictimai qaydanı pozan digər xırda xuliqanlıq hərəkətləri etməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir və bunu təsdiq edən hər hansı sənəd və sübut inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, başqa sübutlar olmadan inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Beləliklə də məhkəmə araşdırması zamanı Şəxs 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi müəyyən edilməmiş və hər hansı sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsin əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və onun 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi iş materiallarında olan sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmçinin hər hansı mötəbər sübutla öz təqdiqini tapmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 114.2.1-ci maddələrinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və bu barədə qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar