Məhkəmə qərarları › İş №3(067)-462/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-462/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-462/2025 07.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1969-cu ildə Xaçmaz rayonu, Bay-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Bayoba kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsində Xaçmaz rayon məhkəməsinin 2(067)-1554/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qalıq qalmış 1791 manat pulu və Xaçmaz rayon məhkəməsinin 2(067)-1197/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə isə 6000 manat pulu tələbkarın xeyrinə ödəniş etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə 2024-cü ilin yanvar ayında daxil olmuşdur. İcra sənədi üzrə Şəxs ümumilikdə 2141 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borcluya tərəflərindən icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Həmçinin borclunun barəsində 15 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş və Xaçmaz rayon məhkəməsinin 2(067)-159/2024 saylı qərarına əsasən 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq borclu tələbkarın xeyrinə qeyd olunan icra sənədi üzrə ümumilikdə 350 manat ödəniş etmişdir. Hazırda 1791 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, digər icra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Həmin icra sənədi üzrə borcludan 6000 manat məbləğində pul tutularaq cavabdehlər X1 və X4 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuş və dəfələrlə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq söhbət aparılmasına baxmayaraq tələbkarların xeyrinə heç bir pul ödənişi etməmişdir. Qeyd olunan icra sənədi üzrə borclunun ödənilməmiş 6000 manat məbləğində borcu vardır. Əlavə olaraq bildirmişdir ki, borclunun adında hər-hansı əmlak müəyyən edilməmişdir və ölkədən getməsinə məhdudiyyət qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmamışdır. Həmçinin birinci icra sənədi üzrə borclunun barəsində 2024-cü ilin fevral ayında 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, lakin cəriməni ödəməmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, şirkət bağlarında mövsümi işlərdə işləyərək qazanc əldə etmiş və 2100 manat borcundan hər ay 100 manat olmaqla ödəniş etmişdir. Lakin 20 noyabr 2024-cü il tarixdən sonra iş dayandırıldığı üçün ödəniş edə bilməmişdir. 10 mart 2025-ci il tarixdən sonra yenidən iş davam edəcəkdir. Yay aylarında qalan borcunu tam olaraq ödəyəcəkdir. Digər icra sənədi üzrə isə maddi imkanı olmadığı üçün hər ay hissə-hissə ödəniş edə bilər. Evindən başqa hər-hansı əmlakı yoxdur. Həyat yoldaşı onunla birlikdə işləyir. Onun banka olan borcunun əvəzində oğlunun qazancından tutulur. İki oğlu işsizdir və onun yanında yaşayırlar. O, 2-3 gün vaxt verilərsə zərərçəkmiş şəxsə 100 manat məbləğində ödəniş edə bilər. Maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs ailə üzvlərinin və özünün gəlirləri vardır. Borclu bağlarda meyvə yığımı ilə məşğuldur. Lakin borc pul almağa vərdiş olduğu üçün qaytarmaq istəmir. Borclu istəsə borc pulu bir dəfəyə qaytarmaq imkanı vardır. Barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 07 mart 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1554/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2100 manat məbləğində pul və ödənilmiş 41 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən 2(067)-1554/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildiriş inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1197/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6000 manat məbləğində pil alınaraq iddiaçılar X1 və X4 verilsin. Ödənilmiş dövlət rüsumunun 80 manatı cavabdeh Şəxs alınaraq iddiaçılar X1 və X4 ödənilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən 2(067)-1197/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş, həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş və xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar olun uşdur. - Borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsin tərəfindən verilmiş 2(067)- 1554/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkarın xeyrinə bugünədək 341 manat pul ödənilmişdir. Hazırda qeyd olunan icra sənədi üzrə borclunun ödənilməmiş 1791 manat borcu qalmışdır. Xaçmaz rayon məhkəməsin tərəfindən verilmiş 2(067)- 1197/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə isə tələbkarın xeyrinə ödəniş etməmişdir. Həmçinin işlədiyini və aylıq qazancının 450 manat olduğunu, lakin hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, borcundan müəyyən ödənişlər etməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxx 1969-cu ildə Xaçmaz rayonu, Bay-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar