Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-464/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X1 iştirakları ilə X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin 02 mart 2025-ci il tarixli, EQ- 26368012 saylı inzibati tənbeh vermə haqqında elektron qərara xitam verilməsi barədə verilmiş ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : X3 ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin 02 mart 2025-ci il tarixli, EQ-26368012 saylı inzibati tənbeh vermə haqqında elektron qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki,xx.xx.2025-ci il tarixdə, saat 13:15 radələrində, **-SD-*** dövlət nömrə nişanlı “OPEL ASTRA” markalı öz şəxsi minik avtomobili ilə, Xudat şəhəri, M.Şəhriyar küçəsi ilə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsindən sonra Xaçmaz rayonu, Köhnə-Xudat kəndi istiqamətində hərəkətdə olarkən, 61 km/saat sürətlə hərəkətdə olduğu anda barəsində inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri görülmüş və 10 (on) manat məbləğində cərimə edilməklə, EQ 26368012 nömrəli Elektron Qərar tərtib edilmişdir. Yol kəsişməsindən hərəkət etdiyi istiqamətdə, inzibati xəta törədilməsi ilə bağlı tədbir görülən yerədək heç bir sürət məhdudlaşdırıcı yol nişanı mövcud deyildir. X3 məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPİ-nin 02 mart 2025-ci il tarixli, EQ-26368012 saylı inzibati tənbeh vermə haqqında elektron qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarında şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsini rəhbər tutaraq qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əlavə olaraq məhkəmə iclas zalında şikayətçi tərəfindən təqdim edilmiş mobil telefonunda olan videogörüntü izlənmişdir. Həmin videogörüntüdə sürət həddini göstərən yol nişanından sonra yolayrıcının olduğu, lakin nə həmin yolayrıcından sonra, nə də ikinci dərəcəli yolun qarşısında sürət həddini göstərən yol nişanın qoyulmadığı müəyyən edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ-26368012 saylı inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, X3 istifadəsində olan “OPEL ASTRA” minik markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 10 (on) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin Vİ hissəsinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci dərəcəli yollarda kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.3-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 əməlində İXM-in 328.1-ci maddəsinin tərkib əlamətləri olmadığından qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizə təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin 02 mart 2025-ci il tarixli, EQ-26368012 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-464/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-464/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver