Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-467/2022 28.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 26 fevral 2022-ci il tarixdə idarə etdiyi “VAZ 2106” markalı ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gələn Xaçmaz rayon X6 X7 X3 vəzifəsində işləyən polis kapitanı X2 ona alkotestrdən keçməli olduğunu bildirdiyində aralarında yaranmış mübahisə zamanı sonuncunun yaxasında yapışaraq formasının düymələrini qırıb, forma pencəyini cırıb polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X6 X7 X3 vəzifəsində işləyən polis kapitanı X4 izahatında göstərmişdir ki, 26 fevral 2022-ci il tarixdə radiostnasiya vasitəsi ilə ona Xaçmaz şəhəri Bakı prospekti ərazisində nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlib, avtomobillərin sürücülərini müəyyən etdikdə, onlara içkili olub-olmamalarını yoxlamaq üçün alkotester vasitəsilə yoxlamadan keçməklərini tələb etmişdir. Lakin “VAZ 2106” markalı ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs bunu eşitdikdən sonra, heç bir səbəb olmadan onun üstünə hücum etməklə, yaxasından yapışaraq dartmağa başlamış və nəticədə əynində olan polis formasının köynəyinin düymələrini qoparıb, pencəyinin müəyyən yerlərini cırmışdır. Bundan sonra o, hadisə yerinə Xaçmaz rayon X9 Patrul Xidmətinin əməkdaşlarını çağırmışdır. Hadisə yerinə gəlmiş post patrul xidmətinin əməkdaşlarının vasitəsi ilə Şəxs rayon polis şöbəsinə aparılmış və o, orada da özünü aqressiv aparmışdır. Sonradan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun yanına gələrək həmin vaxt içki təsiri altında olduğundan hadisənin necə baş verdiyini bimədiyini və törətdiyi əmələ görə səmimi peşmançılıq hissinin keçirdiyini bildirmişdir. Lakin o, nəyə və nədən Şəxs ona qarşı bu qədər aqressiv olduğunu bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 26 fevral 2022-ci il tarixdə idarə etdiyi “VAZ 2106” markalı ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri Bakı prospektində hərəkətdə olarkən ehtiyatsızlıqdan həmin yolda hərəkətdə olan “VAZ 2107” markalı avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisə zamanı heç kəs xəsarət almamışdır. Hadisədən sonra özünə gəlmək üçün yaxınlıqda olan kafeyə daxil olub, orada iki bokal pivə içmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib, onu axtardıqda, o çölə çıxmışdır. Yol polisi Azər Süleymanov ona alkotester vasitəsilə içkili olub-olmaması barədə yoxlamadan keçməyi tələb etdikdə, o Azərlə mübahisə etmişdir. Lakin, Azərin üstünə hücum etdiyini və əynində olan polis formasını cırmasını xatırlamır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 26 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs xataya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 26 fevral 2022-ci il tarixli, 89 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 fevral 2022-ci il tarixdə saat 21:10-də tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 26 fevral 2022-ci il tarixdən saat 21:10-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-467/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-467/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver