Məhkəmə qərarları › İş №3(067)-469/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-469/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-469/2022 28.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X10 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakları ilə, xx xxxxx 1976-cı ildə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Əbilyataq kəndində yaşayan X4 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 11 dekabr 2021-ci il tarixdə saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əlində olan bel ilə ona vuraraq sağ əl və said nahiyələrinin sıyrıqları ilə müşayiət sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X12 Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 göstərdi ki, o, qeyd olunan Xaçmaz rayonu Əbilyataq və ətrafda yerləşən kəndlərdə sahə müvəkkili kimi xidmət göstərir. 11 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Əbilyataq kəndində yaşayan Zərərçəkmiş şəxs tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş ərizəsi əsasında hər iki tərəfi ayrıayrlıqda dindirmiş, dindirmə nəticəsində müəyyən olunmuşdur ki, aralarında baş vermiş mübahisə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iş üzrə Zərərçəkmiş şəxs əlində olan bel ilə vuraraq ona sağ əl və said nahiyələrinin sıyrıqları ilə müşayiət sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Bir neçə ildir münasibətlərinin yaxşı olmadıqlarını həyətlərinin arasında dəmir torun olmasını, lakin Məmmədağanın daim həyətinə çirkab suları və həyətində olan toyuqları onun həyətinə buraxdığını və buraxdığı toyuqların onun bellədiyi yeri əzdiyini bildirmişdir. 11 dekabr 2021-ci il tarixdə saat 15 radələrində həyətlərinin arasında yerləşən dəmir torla hasarlanmış hasara bağlanmış qapını açıb yerə qoyduğuna görə Məmmədağa ona qapını nəyə görə açdığını və qapını neçə açıbsa elədə yerinə qoymağını bildirdikdə, aralarında mübahisə düşmüş, mübahisə zamanı Məmmədağa əlinə bir ağac parçası alaraq onun üzərinə gəldiyi zaman o, çubuqu tutaraq onu arxaya itələmiş, bu zaman Məmmədağa müvazinətini itirərək yerə yıxıldığı zaman əli yerdəki tikanlı məftilə ilişərək xasarət almışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X4 onun qoşusudur. Mübariz ilə onun arasında yerləşən torpaq sahəsinə ayıran dəmir torla hasarlanmış hasara fındıq ağacının cubuqlarından hazırlanmış qapını rahat gediş-gəliş üçün qoymuşdur. 11 dekabr 2021-ci il tarixdə saat 15 radələrində evdən həyətə çıxdığı zaman həmin qapının açılaraq yerə qoyulduğunu görmüşdür. Bu vaxt qonşusu Mübarizin öz tərəfində yerini bellədiyini görərək ona yaxınlaşaraq əlini aralarında olan dəmir torla hasarlanmış hasarın üstünə qoyaraq Mübarizdən qapını nəyə görə çıxardığını soruşduqda, Mübariz ona yaxşı eləyib çıxardığını bildirməklə gözləndilmədən ani olaraq əlindəki bel ilə onun sağ əlinin üzərinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra aralarında baş vermiş mübahisə ilə əlaqədar ərizə ilə polisə müraciət etmişdir. İşdə olan Xaçmaz rayon X9 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə X1 hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 11 dekabr 2021-ci il tarixli, 766 saylı rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ əl və sağ said nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 11 dekabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 28 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X1 ilk dəfə inzibati xəta törətməsi, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X1 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, X3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də X1 barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar