Məhkəmə qərarları › İş №3(067)-487/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-487/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-487/2021 14.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz şəhəri, Xəqani küçəsi, ev 31-də yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 15 may 2021-ci il tarixdə Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsində nalayiq söyüşlər söyərəq xırda xuliqanlıq etmiş, bunula da ictimai qaydanı pozan hərəkətlər edərək, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, 15 may 2021-ci tarixdə dostu Şahinlə birlikdə Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsində yerləşən «Ucuzluq» marketin qapısının yanında marketdə olan polis əməkdaşı Bədirşah dostu Şahinə yaxınlaşıb «özünüzü idarə edə bilmirsiz, barənizdə tədbir görəcəm» demişdir. Şahin ondan nə etdiyini soruşduqda, polis əməkdaşı «özüm bilirəm» bildirmişdir. Bundan sonra onların polis əməkdaşı Bədirşahla aralarında mübahisə yaranmağa başlamış, dostu Şahin onları sakitləşdirmişdir. O, polis əməkdaşı Bədirşahın çiyninə əlini qoyaraq, onun da qardaşının və atasının polis əməkdaşı olduğunu deyib mübahisənin daha da böyüməsini istəməyib oradan çıxıb getmişdir. Həmin vaxt nə o, nə də dostdu Şahin polis əməkdaşı Bədirşahı söyməmişlər və təhqir etməmişlər. Həmin vaxt sadəcə olaraq mübahisədən sonra əlini onun çiyninə qoyaraq ailə üzvlərinin də polis əməkdaşları olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 göstərmişdir ki, 15 may 2021-ci il tarixdə təxminən saat 23:40 radələrində o, xidməti səhra geyimi formasında yaşadığı Xaçmaz şəhəri S.Qurbanov küçəsində yerləşən «Ucuzluq» marketin meyvə-tərəvəz satılan hissəsində kassada işləyən satıcı ilə alış veriş edən zaman, həmin marketə daxil olmuş iki nəfər, adlarını sonradan bildiyi Yaşar və Şahin adlı şəxslərin sərxoş vəziyətdə, Şahin adlı şəxs Yaşar adlı şəxsə əli ilə işarə edərək onu göstərməklə üzünü ona tərəf çevirərək üzündəki cizgiləri müxtəlif formaya salmaqla ona qarşı qeyri etik hərəkətlər etməyə başlamışdır. Həmin vaxt o, Şahinə öz iradını bildirdikdən sonra Şahinə ictimai yerdə özünü normal aparmasını tövsiyə edərək, onu nizam-intizama dəvət etmişdir. Həmin vaxt Şahinin yanında olan Yaşar adlı şəxs ona qarşı kobudluq edərək Şahinin etdiyi hərəkətlərinə haqq qazandırmış və daha sonra Yaşar onunla marketin giriş qapısında dayanaraq səbəbsiz olaraq ucadan mübahisə etməyə başlamışdır. Həmin vaxt o, özünü təqdim edərək əynində olan xidməti geyim forması və formanın üzərində olan dövlət atributlarına hörmətlə yanaşmasını tələb etsə də Yaşar özünü digər şəxslərdən üstün hesab etməklə ona qarşı nalayiq ifadələr işlətmiş və solə li ilə iki dəfə onun sinəsindən itələyərək ona qarşı fiziki zor tədbiq etmişdir. Bundan sonra Yaşar digər şəxslərin qarşısında nalayiq ifadələr işlədərək öz ailəsində atasının və digər şəxslərin polis olduqlarını və onlara güvəndiyini bildirmiş, «siz gəlmə şəxslər rayonda at oynadırsız» deyərək bir neçə dəqiqə qərəzli hərəkətlərini davam etmişdir. Həmin vaxt Yaşarla Şahinin hər ikisinin hərəkətləri onların kifayət qədər sərxoş olmalarını göstərmişdir. Daha sonra Yaşar və Şahin adlı şəxslər **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa Yaşar və Şahin adlı şəxslərin ona qarşı etdikləri hərəkətlərini etiraf etmədikləri halda o, hadisənin görüntüləri diskin yaddaşına köçürmüş və həmin görüntülərdə hadisə tamlığı ilə əksini tapmışdır. Lakin o, Yaşar və Şahin adlı şəxsləri əvvəllər tanımadığını, həmin şəxslərlə heç bir münasibəti olmadığını, özünün həmin şəxslərə qarşı hər hansı bir zor tətbiq etmədiyini və Yaşar adlı şəxsin onu iki dəfə itələsə də onun bədəni üzərində hər hansı bir xəsarətinin olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxsin Azərb.Res-sı İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında 10 iyun 2021-ci il tarixli protokolla, həmçinin, iş materiallarında olan müşahidə kamerasının görüntüləri ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh növü təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs növündə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar