Məhkəmə qərarları › İş №3(067)-488/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-488/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-488/2023 06.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Xaçmaz rayonunun Çılğır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 7, ev 5-də qeydiyyatda olmaqla, Xaçmaz rayonunun Çılğır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(004)-4318/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmir, 5775 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(004)-4318/2021 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Borclunun 5775 manat aliment borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, borclu hazıradək cəmi 350 manat aliment vermiş, həmin məbləğdə ödənişi 2022-ci ilin iyun ayında etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onun hazıradək qeyd olunan icra sənədi üzrə 5775 manat aliment borcu var və o, hazıradək 2022-ci ilin iyun ayında olmaqla cəmi 350 manat aliment ödəmişdir. O, heç yerdə işləmir, valideynlərinin yanında yaşayır, lakin yaranmış borcunu ödəyəcəkdir. Həmçinin bildirmişdir ki, tələbkarın ona 6232 manat aliment borcu olduğundan o, fikirləşmişdir ki, həmin borcla onun tələbkara olan borcu əvəz edilməlidir, lakin tələbkar bununla razılaşmamış, o, bu barədə icra şöbəsinə müraciət etmişdir. Halhazırda alimentlə bağlı hər hansı məbləğdə ödəniş etməyə maddi imkanı yoxdur. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(004)-4318/2021 saylı icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1974-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar