Məhkəmə qərarları › İş №3(067)-495/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-495/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-495/2025 02.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, X4 tərəfindən Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz RPŞnin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs tərəfindən şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin, Xaçmaz RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 18 fevral 2025-ci il tarixli, TP № ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 333-1.1, 342.1.2 cü və 332.2-ci maddələrinə əsasən 600 (altı yüz ) manat məbləğində cərimə edilmişdir. Bundan başqa həmin faktla bağlı Xaçmaz rayon məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 3(067)-323/2025 saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən 25 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 18 fevral 2025-ci il tarixli TP № ******* saylı qərarın surətini o, rəsmi qaydada xx.xx.2025-ci il tarixdə şəxsən imza etməklə almışdır. Ondan ötrü ki, inzibati həbsdən 03 mart 2025-ci il tarixdə azad olmuşdur. Aşağıda şərh olunanlara əsasən qərarla razı deyil, hesab edir ki, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Polis şöbəsində və məhkəmədə o, etdiyi əməli etiraf edərək, əməlindən peşman olmasını göstərmşdir. Bir əmələ görə barəsində həm həbs cəzası, həm də 600 manat cərimə cəzası verilmişdir. Halbuki qanunvericiliyə əsasən bir xətaya görə heç kim iki dəfə məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də, Azərbaycan Respublikası DİN-nin, Xaçmaz RPŞ-nin X8 Bölməsinin inzibati tənbeh vermə haqqında 18 fevral 2025-ci il tarix TP № ******* saylı qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs şikayət ərizəsinə uyğun izahat verərək Azərbaycan Respublikası DİN-nin, Xaçmaz RPŞ-nin X8 Bölməsinin inzibati tənbeh vermə haqqında 18 fevral 2025-ci il tarix TP № ******* saylı qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə şikayət vermiş şəxs Xaçmaz RPŞ-nin YPX-nin əməkdaşları tərəfindən avtomobili etibarnamə olmadan, həmçinin qeydiyyat nişanı standartalara uyğun olmayan vəziyyətdə idarə etdiyi üçün saxlanılmışdır. Sürücü saxlanılarkən onun narkotik vasitədən istifadə etməsinə şübhə yaranmış, buna görə şikayət vermiş şəxs PŞ-ya dəvət edilərək izahatı alınmışdır. Ağası Paşayev təqsirini etiraf etmişdir. O, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclas zalında iş materiallarında olan audio-video diskdə olan fayl izlənmişdir. Həmin audio-videogörüntüdə şikayət vermiş şəxsin avtomobili idarə edərkən Xaçmaz RPŞ-nin YPX-nin əməkdaşlarının xəbərdaredici işıqları yandıraraq ona yaxınlaşdıqları müəyyən edilir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 05 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 18 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 23:05-də Xaçmaz şəhəri. Ziya Bünyadov küçəsində “OPEL ASTRA” minik markalı, 99GD802 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 333-1.1, 342.1.3 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Xaçmaz RPŞ-yə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə o tanışına məxsus 99GD802 nömrəli nəqliyyat vasitəsini idarə edərkən Yol polisi ona yaxınlaşmış və sənədlərini yoxlayarkən ondan şübhə etmişlər və həkim müayinəsinə getməyi ona bildirmişlər. Həkim narkoloq tərəfindən yoxlanılarkən narkotik maddə olan marixuana qəbul etdiyi aşkar olunmuşdur. O, narkotik vasitədən istifadə edib, onun təsiri altında avtomobili idarə etdiyini etiraf etmiş və barəsində tərtib edilmiş protokol ilə razı olduğunu bildirmişdir. - xx.xx.2025-ci il tarixli, 70 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi “Aktı”ndan müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixdə narkotest müayinəsi zamanı çətənə bitkisi marixuanadan istifadə etməsi müəyyən olunub. Lakin məcburi müalicəyə ehtiyacı yoxdur. - Nəqliyyat vasitəsinin saxlanca qəbulu barədə “Akt”dan müəyyən olunur ki, “OPEL ASTRA” minik markalı, 99GD802 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək duracaqda saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tibb müəssisələri yolnəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər. 27-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 332.1ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 342.1.3cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi inzibati məsuliyyət yaradır. Göründüyü kimi şəxsin şikayətinin əsasını onun İXM-nin 333-1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi təşkil edir. Şikayət ərizəsində və məhkəmə iclasında o, narkotik vasitədən istifadə etdiyi üçün artıq inzibati məsuliyyətə cəlb olunduğunu və bu səbəbdən yenidən cərimə olunmasını düzgün hesab etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, qərardan şikayət vermiş şəxsin narkotik vasitədən istifadə edərək müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməsi həm iş materialları, həm şəxsin öz etirafı, həm də tədqiq edilmiş videomaterial ilə təsdiq edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X3 barəsində Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X3 Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar