Məhkəmə qərarları › İş №3(067)-504/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-504/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-504/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Xaçmaz rayonunun Köhnə Xudat kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcravə Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 2951 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın saxlanması üçün 16 may 2023-cü il tarixdən başlayaraq hər ay 180 manat olmaqla Zərərçəkmiş şəxs hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə onun icraatına daxil olmuşdur. Borclu Azərbaycan Respublikası Dəmir Yolları QSC-də işlədiyi üçün 12 oktyabr 2023-cü il tarixdə onun iş yerinə yönəltmək üçün məktub göndərilmişdir. Tələbkarın ərizəsinə əsasən 1189 manat aliment pulu onun bank hesabına köçmüşdür. Tələbkar bildirmişdir ki, qalan pul onun bank hesabına köçürülməmişdir. Tələbkara banka yaxınlaşaraq aydınlaşdırmalı olduğu bildirilmiş, lakin vətəndaş bunu etməmişdir. Bank tapşırığı ilə əlaqədar məlumatlardan görünür ki, hazırki vaxta qədər 2171 manat borclunun kartından tutulmuş, 584 manat borcu qalmışdır. Lakin tələbkar bildirir ki. Tutulan məbləğ ona çatdırılmayıb. 2951 manat pul tələbkarın ərizəsinə əsasən hesablanmışdır.O, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs verdiyi izahatda bildirdi ki, yaranmış aliment borcunu və hər ay bir uşağın saxlanması üçün təyin olunmuş alimenti tələb edir. Həmçinin bildirmişdir ki, banka ödənişlə əlaqədar olaraq yaxınlaşmamışdır, əlaqə saxlamamışdır və ödənişin olub-olmaması barədə məlumatı yoxdur. Borclunun həbs edilməsii xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verdiyi izahatda bildirdi ki,o, alimenti ödəməkdən yayınmır. Azərbaycan Dəmir Yolları QSC-də işləyir və hər ay onun əmək haqqından 70 % tutulur. O, xəstə olduğu üçün əlavə işlə məşğul ola bilmədiyini, ailədə dörd nəfər olduğunu və tək özünün işlədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, əmək haqqını “Azərbaycan Beynəlxalq Bankı”ndan alır, lakin aliment ödənişi “Kapital Bank” vasitəsilə həyata keçirilir. Odur ki, iş yerindən əmək haqqı ilə əlaqədar cədvəldəndə görünür ki, onun maaşından hər ay pul tutulmuş , lakin ola bilsin ki, iki bankın arasındakı əməliyyatlar səbəbindən tələbkarın hesabına ödəniş edilməmişdir. O, hər ay alimentin maaşından tutulduğunu nəzərə alaraq işin xitam olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: -29 avqust 2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarda görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -Elektron informasiya sistemindən çıxarışdan görünür ki, borclu Şəxs adına VAZ 21074 minik markalı ** BR *** dövlət nömrə nişanlı avtomobil var və o, Azərbaycan Dəmir Yolları QSC-da (VÖEN **********) vaqon baxıcısı işləyərək 466 manat məbləğində əmək haqqı alır. -Xaçmaz rayon məhkəməsinin 2(067)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 atası olması müəyyən edilməlidir. xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Alimentin tutulmasının əvvəli 16 may 2022-ci il tarixdən hesablansın. Qətnamənin aliment tələbinə aid hissəsi dərhal icra edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamədə onun soyadı “Seyidova”, şəhadətnamənin ata qrafasında xx.xx.2020-ci il təvəllüdlü X2 atası kimi “SeyidX7 oğlu”, ana qrafasında ana adı “Zərərçəkmiş şəxs” kimi qeyd edilsin. xx.xx.2020ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnamənin verilməsi Xaçmaz rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun. -Borclunun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, hal-hazırda Azərbaycan Dəmir Yolları QSC-də işləyir və aliment onun əmək haqqından tutulur. O günə qədər onun əmək haqqından 2171.96 manat pul vəsaiti tutulmuş və həmin pul vəsaitinin tələbkarın bankdakı hesabına köçüb-köçməməyindən xəbəri yoxdur. Onun hal-hazırda əlavə olaraq gəlir yeri yoxdur. Onun hal-hazırda 2951 manat məbləğində aliment borcu vardır. -Azərbaycan Dəmir Yolları QSC-də işləyən Seyi-X4 2023-2024-cü illər ərzində əmək haqqından aliment ödənişi üçün tutulmalar aylar üzrə göstərilən arayışdan görünür ki, oktyabr 2023-cü ildə 413.02 manat, noyabr 2023-cü ildə 426.97 manat, dekabr 2023-cü ildə 350 manat, yanvar 2024-cü ildə 354.08 manat, fevral 2024-cü ildə 230 manat məbləğdə pul köçmüş, mart 2024-cü ildə 397.88 (hələ köçməyən) məbləğ olmaqla ümumilikdə 2171.95 manat aliment pulu tutulmuşdur. -ABB bank ASC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli "xxxx" formatlı ödəniş tapşırıqlarından müəyyən edilir ki, Azərbaycan Dəmir Yolları QSC-tərəfindən ABB banka köçürülən pul Kapital Bank ASC-yə 230 manat və 354.08 manat məbləğində köçürülmüşdür. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Qeyd olunan hallara istinad edərək, bir daha bu nətəcəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Göründüyü kimi, inzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işimateriallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, aliment borcunun ödənilməsindən yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Qeyd olunan əsasa görə Şəxs barəsindəolan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisnaedir.Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırki şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXMləmüəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-ləqorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırki iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xətahaqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar