Məhkəmə qərarları › İş №3(067)-508/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-508/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-508/2025 12.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Xaçmaz şəhərində saxlanılaraq RPŞ-yə gətirilmiş və onun narkotik vasitə qəbul etməsi müəyyən olunmuşdur. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi izahat verərək bildirmişdir ki, Şəxs anasının DİN-nin 102 xidmətinə zəng edərək narkotik aludəçisi olan oğlunun narkotikdən istifadə etdikdən sonra evdə onu və qızını döyməsi barədə müraciət etmişdir. Müraciət əsasında həmin ünvana gedilmiş, lakin Şəxs evdə müəyyən etmək mümkün olmamışdır. Bir gün sonra Şəxs yeri müəyyən edilərək Xaçmaz RPŞ-yə aparılmış və onun narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar şübhəli olduğundan ekspertizaya təqdim olunmuşdur. Ekspert rəyinə əsasən onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Həmçinin inzibati araşdırma zamanı Şəxs anasını və bacısını döyməsi faktı öz təsdiqini tapmışdır. Lakin anası və bacısı Şəxs cavan olması və səhv etdiyini düşünərək şikayətçi olmamışlar. 11 mart 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Xaçmaz rayon məhkəməsinə gətirilmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, narkotik vasitədən istifadə etmişdir. Belə ki, o evdə olduğu vaxt polis əməkdaşları gələrək onu özləri ilə PŞ-ya dəvət etmişlər. O, iki gün PŞ-da saxlanılmış, lakin ondan əvvəl ekspertiza edilməsi üçün aparılmışdır. Ona hər hansı fizikipsixoloji təzyiq olunmamışdır. Anasını və bacısını bıçaqla hədələməmişdir. O, barəsində heç vaxt inzibati tənbehin tətbiq edilmədiyi bildirmişdir. Atası onlardan ayrı yaşayır və münasibətləri yaxşı deyildir. Hazırda ailədə ondan başqa kişi yoxdur. Qarşıdan gələn Novruz bayramını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. - “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən 11 mart 2025-ci il tarixdə, saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. -.xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Xaçmaz şəhərində saxlanılaraq RPŞ-yə gətirilmiş və onun narkotik vasitə qəbul etməsi müəyyən olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, Şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 206-cı (qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İTByə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-in Ambulator X1 xx.xx.2025-ci il tarixli, №-li 1455 rəyindən müəyyən edilir ki, müayinə zamanı Şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32-ci maddəsinə əsaslanaraq Şəxs tərəfindən ilk dəfə inzibati xəta törədilməsi, onun əməlini etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin əməlini etiraf etməsi, əməlindən peşman olması, yaşı və ilk dəfə inzibati xəta törətməsi nəzərə alınaraq törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. AR İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar