Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-518/2023 12.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2622/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 8032 (səkkiz min otuz iki) manat məbləğində pulun alınaraq X5 verilməsi qət edilmişdir. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs həmin pulu ödəməkdən boyun qaçırmışdır. Xaçmaz rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)- 2622/2022 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 ifadə verərək bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2622/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 8032 (səkkiz min otuz iki) manat məbləğində pulun alınaraq X5 verilməsi qət edilmişdir. Dəfələrlə xəbərdarlı edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İzahatında qeyd edərək borcunu hissə-hissə ödəyəcəyini biləcəyini və buna görə ona hüquqları ona izah edilmişdir. Hissə-hissə ödənişlə bağlı borclu məhkəməyə müraciət etməsinə baxmayaraq bununla bağlı onu ərizəsi məhkəmə tərəfindən təmin edilməmişdir. Borclu tərəfindən inidyənədək tələbkara olan borcundan heç bir ödəniş olunmamışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2622/2022 saylı qətnaməsinə əsasən ondan 8032 (səkkiz min otuz iki) manat məbləğində pulun alınaraq X5 verilməsi təmin edilməlidir. O, həmin tələbkara olan borcunu bir dəfəyə ödəmək iqtidarında olmadığını, hər ay cəmi 200 manat ödəniş etməklə tələbkara olan borcunu ödəyə biləcəyini bildirmişdir. Ayağında qolbağ olduğundan iş saatlarının uyğun gəlmədiyini, bununla bağlı heç bir işə girə bilmədiyini bildirmişdir. Bundan əlavə olaraq onun təzə dünyaya gəlmiş bir övladı var. Həmin övladı da hal-hazırda küvezdə saxlanılır, ona görə imkansızlıqdır, bütün günü xəstəxanalarda olur. Hal-hazırda azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə 6 ay müddət qalmışdır. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar X6 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2622/2022 saylı qətnaməsinə əsasən borclu Şəxs 8032 (səkkiz min otuz iki) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Pulunu tələb edir, keçən ilin dekabr ayında anasının kredit götürəcəyini bildirmişdir. Lakin heç bir ödəniş etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 12 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB ərazi bölmələrini idarəetmə birliyi” X15 Quba rayon X8 Hüquqi Şəxs tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli, 13 nömrəli arayışdan görünür ki, Xaçmaz rayon Müzəffəroba kənd sakini X7 19 mart 2023-cü il tarixdə Quba RPM-nə daxil olmuş, daxil olarakən diaqnoz 34 həftəlik hamiləlik, 22 mart 2023-cü il tarixdə vaxtından əvvəl doğumu həyata keçirmiş və doğulmuş uşaq hal-hazırda stasionarda müalicəsini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-518/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-518/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver