Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-533/2024 21.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19197508 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19197508 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə 19:25 radələrində idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə yolda müəyyən edilmiş hərəkət sürətini 17 km/saat həddində aşmağına görə, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə 10 manat cərimə olunmalı olduğu halda 300 manat inzibati cərimə olunmuşdur. Bu barədə o, Xaçmaz RPŞ-yə şifahi olaraq müraciət etmiş, lakin ona Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən deyil DİN-nin BDYPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 300 manat məbləğində inzibati cərimə olunduğu deyilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs əlavə olaraq izahatında bildirmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən “MİTSUBİSHİ PAJERO-İO” markalı, **- UO-*** dövlət nömrə nişanlı avtomobili ilə yolda müəyyən edilmiş hərəkət sürətini 17 km/saat həddində aşmağa görə 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Avtomobil oğlunun adınadır. O, etibarnamə əsasında həmin avtomobili idarə edir. Lakin o, inzibati xəta törədildiyi zaman sükan arxasında olmamışdır. İnzibati xəta törədildiyi vaxt oğlu həmin avtomobili idarə edərək iş yoldaşları ilə birlikdə işlə əlaqədar olaraq Quba və Şabran rayonları ərazisində olmuşdur. Polis tərəfindən ona təqdim edilmiş inzibati xətanı törətməsinə dair fotoşəkillərdə nəqliyyat vasitəsinin markası və dövlət qeydiyyat nömrəsi görünməsinə baxmayaraq, avtomobilin sükanı arxasında kimin əyləşməsi əks olunmamışdır. O, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahat verərək avtomobili cərimə təyin edilərkən iş yoldaşı ilə birlikdə yanvar ayında, saat 19 radələrində Quba rayonu istiqamətindən hərəkətdə oluğu vaxt özünün idarə etdiyini və avtomobilin onun adına olduğunu bildirmişdir. Atası avtomobili etibarnamə əsasında idarə edir. Onun mobil telefonuna 300 manat məbləğində inzibati cərimənin yaranması barədə SMS bildiriş gəlmişdir. O, bu barədə Quba RPŞ-nin DYPB-nin əməkdaşlarında maraqlandığında cərimənin atasının adına gəldiyini və atasının sürücülük hüququnun məhdudlaşdırıldığından 300 manat inzibati cərimə təyin olunduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək iş yoldaşı olan Nurlan Rəcəbovla birlikdə sonuncuya məxsus ağ rəngli «MİTSİBUSHİ PAJERO-İO» markalı avtomobillə 25 yanvar tarixdən 10 fevral tarixədək Quba rayonu ərazisində işdə olmuşdur. O, 29 yanvar 2024-cü il tarixdə avtomobili Nurlan Rəcəbov tərəfindən idarə edildiyini bildirmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, X7 Azərbaycan Respublikası DİN BDYPİ-nin 29 yanvar 2024-cü il tarixli, EQ 19197508 nömrəli qərarına əsasən 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan AD № 939252 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “MİTSUBSİHİ PAJERO-İO” minik markalı avtomobil xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, Vidadi küçəsi ev 5-də yaşayan X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ƏN-V№ 470911 etibarnamədən müəyyən edilir ki, mülkiyyətçi X4 “MİTSUBSİHİ PAJERO-İO” minik markalı avtomobili idarə etmək üçün xx.xx.2031-ci il tarixədək X5 etibar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ əlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli əxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. 332.3-ci maddəsinə əsasan Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkildən inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin, avtomobilin mülkiyyətçisi tərəfindən həmin vaxt avtomobili onun idarə etdiyi və inzibati xətanın onun tərəfindən törədildiyi bildirilmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını sübut etmək məhkəmənin vəzifəsi deyildir. Mövcud vəziyyətdə şikayətçinin şikayəti mövcud şübhələr onun xeyrinə şərh edilməklə qismən təmin edilməli, inzibati orqanın qəbul etdiyi qərar ləğv edilməli və yenidən baxılması üçün göndərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X7 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19197508 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19197508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət qismən təmin edilsin. Qərar ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-533/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-533/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver