Məhkəmə qərarları › İş №3(067)-538/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-538/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-538/2021 24.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Xuray kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon X8 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 26 aprel 2021-ci il tarixdə, təxminən saat 09:00 radələrində Xaçmaz rayonunun Xuray kəndinin ərazisində şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs yumruqla vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X8 X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X7 göstərdi ki, Şəxs 26 aprel 2021-ci il tarixdə, təxminən saat 09:00 radələrində Xaçmaz rayonunun Xuray kəndinin ərazisində şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs yumruqla vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, Yavərin yanında fəhlə kimi çalışmış və Yavərin ona təxminən 140 manat borcu qalmışdır. Dəfələrlə pulunu tələb etsə də Yavər onun pulunu verməmişdir. 26 aprel 2021-ci il tarixdə saat 09 radələrində yaşadıqları Xaçmaz rayonunun Xuray kəndində Yavərlə rastlaşaraq ondan borclu olduğu pulunu tələb etdikdə Yavər ona heç bir borcu olmadığını demiş, ünvanına nalayiq ifadələr işlətməklə onunla mübahisə etmiş, o da əsəbiləşərək Yavərin sifət nahiyəsinə bir dəfə sillə ilə vuraraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 26 aprel 2021-ci il tarixdə, saat 09 radələrində o, yaşadığı Xaçmaz rayonunun Xuray kəndində həmkəndlisi Şəxs ilə rastlaşmış və Fizuli ondan 17 il bundan əvvəl ona borclu olduğu 140 manat pulunu verməsini tələb etmişdir. O, Füzuliyə borcu olmadığını dedikdə aralarında mübahisə baş vermiş və Fizuli yumruq, təpik və sillə ilə onun qabırğa və sinə nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. O, Fizulinin zərbələrinə davam gətirə bilməyərək yerə yıxılmış, Fizuli isə hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, yaşadığı evə getmiş və evdən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Etdiyi hərəkətlərə görə Şəxs bağışlamır və onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. İşdə olan Xaçmaz rayon Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 24 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin, şahidin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 25 may 2021-ci il tarixli, 217 saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol yanaq, sağ bazu və sağ said nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti 26 aprel 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 24 iyun 2021-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar