Məhkəmə qərarları › İş №3(067)-547/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-547/2025

16.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-547/2025 16.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 15 mart 2025-ci il tarixdə axşam saatlarında 102 xidmətinə etdiyi müraciətlə bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat istintaq qrupunun üzvləri sonuncunun yaşadığı ünvanda olarkən sonuncu əsaslı səbəb olmadan polis əməkdaşları ilə mübahisə edib polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizamintizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirmiş, polis şöbəsinin inzibati binasına gətirildikdən sonra da öz hərəkətlərini davam etdirib növbətçi hissənin iş rejimini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 göstərdi ki, Şəxs 15 mart 2025-ci il tarixdə axşam saatlarında 102 xidmətinə etdiyi müraciətlə bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat istintaq qrupunun üzvləri sonuncunun yaşadığı ünvanda olarkən sonuncu əsaslı səbəb olmadan polis əməkdaşları ilə mübahisə edib polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirmiş, polis şöbəsinin inzibati binasına gətirildikdən sonra da öz hərəkətlərini davam etdirib növbətçi hissənin iş rejiminin pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə qəsdən qəsdən tabe olmamışdır. Bu səbəbdən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 15 mart 2025-ci il tarixdə axşam saatlarında 102 xidmətinə zəng edərək arvadı Hənifə Ağabalayevanın evdən xəbərsiz getməsi barədə məlumat vermiş, polis əməkdaşları yaşadığı ünvana gəldikdən sonra həmin vaxt çox əsəbi olduğundan arvadının və polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis şöbəsinə gətirildikdən sonra da növbətçi hissənin qarşısında hərəkətlərini davam etdirmişdir. Polis işçiləri onu sakitləşdimələrinə baxmayaraq hərəkətlərini davam etdirib əməkdaşların qanuni tələblərinə tabe olmamışdır. Hərəkətlərindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi Şahid göstərdi ki, Şəxs 15 mart 2025-ci il tarixdə axşam saatlarında 102 xidmətinə etdiyi müraciətlə bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməliyyət istintaq qrupunun üzvləri o və digər polis əməkdaşları sonuncunun yaşadığı ünvanda olarkən sonuncu əsaslı səbəb olmadan onlarla mübahisə edib polisin ünvanına nalayiq ifadələr işlətmiş, tərəflərindən nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirmiş, polis şöbəsinin inzibati binasına gətirildikdən sonra da o, öz hərəkətlərini davam etdirib növəbtçi hissənin iş rejimini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 15 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş hadisənin video görüntülərinə dair DVD disk və digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikasının 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən ağırlaşdıran halı, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyü qənaətinə gəlir və barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş 15 mart 2025-ci il tarixli, protokoldan görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs 15 mart 2025-ci il tarixdə saat 23:10 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 15 mart 2025-ci il tarixdən saat 23:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək ona 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 15 mart 2025-ci il tarixdə saat 23:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar