Məhkəmə qərarları › İş №3(067)-555/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-555/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-555/2020 18.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi x9, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Mahmudov Vüsal Mövlan oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 iştirakları ilə 17 noyabr 1971-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, işləməyən, ünvan 1 ünvanda yaşayan x6 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: x1 rayonunun Xudat şəhəri ərazisində yerləşən Xudat restoranında baş vermiş dalaşma hadisəsinin araşdırılması məqsədilə Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə dəvət edildikdən sonra Bölmənin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqa zidd hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da x6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Mahmudov Vüsal Mövlan oğlu göstərdi ki, 17 iyun 2020-ci il tarixdə saat təxminən 23:40 radələrində Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsində növbədə olduğu zaman Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən Xudat restoranında baş vermiş dava-dalaşa görə bölməyə dəvət edilən x2 polis bölməsinin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə onlar tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqa zidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x6 törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, 17 iyun 2020-ci il tarixdə qudası Sultanla birlikdə nəvəsinin ad gününü qeyd edərkən spirtli içki qəbul etmişdir. Həmin günü gecə saatlarında bir neçə gün əvvəl Cavid adlı tanışı ilə aralarında Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən Xudat restoranında baş vermiş münaqişə ilə bağlı Xudat Polis Bölməsinə dəvət edilmişdir. Sərxoş olduğundan Xudat polis bölməsində növbətçi hissəsində nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də onların tələblərinə riayət etməyərək hərəkətlərini davam etdirmişdir. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidin ifadəsini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, x4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 17 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən x4 ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətanı etiraf etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən x5 xətaya sərxoş vəziyyətə yol verməsini və səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə x4 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan 17 iyun 2020-ci il tarixli, 000096 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, x6 17 iyun 2020-ci il tarixdə saat 23:58 radələrində tutulmuşdur. Odur ki, x4 həbsinin əvvəli 17 iyun 2020-ci il tarixdən saat 23:58 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : x6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 17 iyun 2020-ci il tarixdən saat 23:58-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar