Məhkəmə qərarları › İş №3(067)-559/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-559/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-559/2023 17.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, X3 Quba rayon Polis Şöbəsinin 17 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək, Quba rayon Polis Şöbəsi 17 aprel 2023cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Quba rayon Yol Patrul Xidmətinin 17 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətin 19 aprel 2023-cü il tarixdə rəsmi qaydada almışdır. 17 aprel 2023-cü il tarixdə o, Quba-Xaçmaz yolunda Zərdabi qəsəbəsində Xaçmazdan Qubaya gedən yolda Zərdabi qəsəbəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını onun tərəfindən guya pozulduğu üçün protokol tərtib edilmişdir. Hansı ki, həmin ərazidə yol nişanı hissəvi ağ xətlərdən ibarətdir və həmin ərazidə hərəkətdə olan nəqliyyat vasitələrini ötüb keçmək üçün hər hansı bir qadağan edici nişanlar qoyulmamışdır. Həmin tarixdə qeydə alınmış video görüntülərə nəzər salınarsa bunu açıq aşkar görmək olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş 17 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş Quba rayon Yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə 17 aprel 2023-cü il tarixdə qeydə alınmış video görüntünü əks etdirən görüntülərlə bir yerdə məhkəmə prosesində iştirakı zəruri oluğunu və bu barədə nümayəndənin istifadəsində olan mobil telefonuna sms bildiriş göndərilməsinə baxmayaraq, nümayəndə məhkəmənin baxış iclaslarında iştirak etməmiş və bu səbəbdən məhkəmə iclasları bir neçə dəfə heç bir üzürlü səbəb olmadan təxirə salınmışdır. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında X1 şikayət ərizəsinə uyğun izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayətçinin izahatını nəzərdən keçirərək hesab edir ki, qərar ləğv edilməli və iş yenidən baxılması üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Yol Patrul Xidmətinin 17 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 17 aprel 2023-cü il tarixdə, saat 09:56 radələrində idarə etdiyi VAZ 21101 markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə GPS: 41.3945927,48.6460732 ərazidə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən sübutlar əldə edilməmişdir. Murad Əliyev 17 aprel 2023-cü il tarixdə, saat 09:56 radələrində idarə etdiyi VAZ 21101 markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə GPS: 41.3945927,48.6460732 ərazidə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozdu göstərilsə də, həmin görüntüləri əks etdirən video görüntülər, həmin görüntülərə əsasən protokol tərtib etmiş şəxs Quba rayon Yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə məhkəmə iclasına dəvət edilərək həmin görüntüləri məhkəməyə təqdim etməsi barədə məlumatlandırılmasına baxmayaraq Nümayəndə keçirilmiş məhkəmə iclaslarına gəlməmiş və həmin görüntüləri əks etdirən video görüntünü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Quba rayon Yol Patrul Xidmətinin 17 aprel 2023cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırılması üçün Quba rayon Polis Şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Quba rayon Yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilməsinə dair Quba rayon Yol Patrul Xidmətinin 17 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Quba rayon Polis Şöbəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar