Məhkəmə qərarları › İş №3(067)-562/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-562/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-562/2024 01.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibiİsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1977-ci ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonunun İlxıçı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Xaçmaz rayon X5 Bölməsinin icraatında olan materialla bağlı 30 aprel 2024-cü il tarixdə təxminən saat 13:00 radələrində Xaçmaz rayon ərazisində oğurluqlar etməkdə şübhəli şəxs qismində Xaçmaz şəhəri Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən, o, polis əməkdaşlarıyla getməkdən imtina etmiş və nalayiq ifadələr işlədərək, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları həmin şəxsi məcburi qaydada Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13-00 radələrində Xaçmaz rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X8 RPŞ-nin İstintaq Bölməsinin icraatında olan material ilə əlaqədar oğurluq hadisəsində şübhəli olan Xaçmaz rayonu, İlxıçı kəndində yaşayan Şəxs Xaçmaz şəhəri, H.Əliyev küçəsində görüb ona yaxınlaşmış özünü təqdim edərək həmin şəxsi XRP-nə dəvət edərkən o, Polis Şöbəsinə gəlməkdən imtina etmiş və səs-küy salaraq söyüşlər söymüşdür. Polis əməkdaşı onu nizam-intizama dəvət etsə də o, əməkdaşın qanuni tələblərinə məhəl qoymamış öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi məcburi qaydada Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 30 aprel 2024-cü il tarixdə günorta vaxtlarında xəstəxanadan qayıdarkən Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Elvin Camalzadə H.Əliyev küçəsində ona yaxınlaşaraq Xaçmaz rayon X5 Bölməsinin icraatında olan materialla bağlı onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt əsəbi olduğuna görə polis əməkdaşı ilə arasında anlaşılmazlıq baş vermiş və o, polisin qanuni tələblərinə tabe olmamaqla nalayiq ifadələr işlətmişdir. Hərəkətindən səmimi peşmançılıq hissi keçirir və barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Xaçmaz rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı X3 şahid qismində çıxış edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13-00 radələrində Xaçmaz RPŞ-nin İstintaq Bölməsinin icraatında olan material ilə əlaqədar oğurluq hadisəsində şübhəli olan Xaçmaz rayonu, İlxıçı kəndində yaşayan Şəxs Xaçmaz şəhəri, H.Əliyev küçəsində görüb ona yaxınlaşmış və özünü təqdim edərək həmin şəxsi XPŞ-nə dəvət edərkən o, Polis Şöbəsinə gəlməkdən imtina edərək səs-küy salmağa başlamış və söyüşlər söymüşdür. Bundan sonra həmin şəxsi məcburi qaydada Xaçmaz rayon Polis Şöbəsinə gətirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 aprel 2024-cü il tarixdə saat 15:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 30 aprel 2024-cü il tarixdən saat 15:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 aprel 2024-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar