Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-565/2024 03.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi ilə, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1980-cı ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e tdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xaçmaz rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Tikanlıoba kəndi istiqamətində Xəzər dənizinin sahil zolağında qadağan edilmiş gündə lazımı icazə sənədi olmadan qanunsuz olaraq ov etməklə və izləməklə məşğul olmuş , bununlada o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmiş və bununla əlaqədar 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq səlahiyyətli şəxs tərəfindən 1000 manat məbləğində cərimə edilmişdir. Ümumi olaraq 1000 manat cərimə, 600 manat dəbbə pulu və 112 manat icra ödənişi ödənilməlidir. Şəxs tərəfindən 120 manat ödəniş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan cərimə borcundan imtina etmir. Lakin Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən bir dəfə cərimə olunduğu vaxt izahatı alınsa da, daha sonra ona cərimənin ödənilməsi barədə heç bir xəbərdarlıq olunmamış, onun adında hər-hansı əmlakının olub-olmaması barədə araşdırma aparılmamışdır. Qeyd edilən cəriməni 2-3 ay ödənişlər etsə də, maddi imkansızlıqdan, özünün xəstə olması və övladları oxuduğundan ödənişlər edə bilməmişdir. O düşünmüşür ki, artıq müəyyən müddət keçdiyi üçün cərimə tələb edilməyəcək. Sonradan yalnız may ayının əvvəlində cərimə ilə bağlı ona məlumat verilmişdir. Cəriməni ödəmək fikrindədir, hazırda birdəfəlik ödəniş etməyə imkanı yoxdur, lakin hissə-hissə ödəniş edə bilər. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Tikanlıoba kəndi istiqamətində Xəzər dənizinin sahil zolağında qadağan edilmiş gündə lazımı icazə sənədi olmadan qanunsuz olaraq ov etməklə və izləməklə məşğul olmuş , bununlada o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. -Borclunun əmlak və gəlir məlumatları barədə elektron sorğudan müəyyən olunmuşdur ki, onun adında ********** qeydiyyat nömrəli (**********26 reyestr nömrəli) torpaq sahəsi müəyyən edilmişdir. - Şəxs izahatlarından görünür ki, Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın icrası ilə əlaqədar borclunun izahatları alınmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs inzibati təhbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiqetmə haqqında qərar üzrə məcburi icrat tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilməmiş və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-565/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-565/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver