Məhkəmə qərarları › İş №3(067)-57/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-57/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-57/2025 23.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 tərəfindən Xaçmaz rayon Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 tərəfindən Xaçmaz rayon Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını və Xaçmaz RPŞ-nin 23 dekabr 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, məhkəməyə bir ədəd görüntünü təqdim edərək bildirmişdir ki, həmin videogörüntü mağazada olan kamera vasitəsilə çəkilib və hadisəsin necə baş verdiyini əks etdirir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti inspektoru X4 məhkəmə araşdırması zamanı izahat verərək bildirmişdir ki, vətəndaş X3 xx.xx.2024-ü il tarixdə saat 21:30-da ** LP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, daha dəqiq isə “Yol hərəkəti haqqında” AR Qanununun 77-ci maddəsində göstərilən tələbləri yerinə yetirməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Videogörüntü ilə bağlı onu bildirmişdir ki, həmin görüntü ilə də təsdiq olunur ki, X3 baş yol ilə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədiyindən, yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Kayirman oğlu izahatında bildirmişdir ki, hadisə zamanı o öz idarə etdiyi avtomobil ilə baş yol ilə hərəkətdə olarkən, hazırki şikayətçi adını sonradan bildiyi Nurlan isə ikinci dərəcəli yolda idi. O baş yol ilə hərəkət edən zaman, arxandan yüksək surətlə gələn maşın ondan uzaq vuran işıqlar vasitəsilə yol istəmiş və o, idarə etdiyi nəqliyyat vasitəsini sağa çəkmişdir. Bu zaman, arxasınca gələn maşın onu ötüb, lakin ikinci dərəcəli yolda olan Nurlanın avtomobili ilə toqquşmuşdur. X3 tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış videogörüntü ilə bağlı məhkəmə ilk öncə onu qeyd edir ki, həmin görüntüdə olan yazının surəti texniki cəhətdən yavaşıldılmışdır. Buna baxmayaraq, videogörüntü ilə müəyyən olunur ki, X3 nizamlanmayan yol ayrıcısına yaxınlaşdıqdan sonra, baş yol ilə hərəkətdə olan birinci nəqliyyat vasitəsinə yol versə də, ikinci nəqliyyat vasitəsinə yol vermədən baş yola çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq, hesab edir ki, şikayət əsassız olduğundan, qərar dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 77-ci maddəsində aşağıdakılar göstərilir: İ. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. İİ. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. İİİ. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. İV. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. V. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində inzibati cərimə tətbiq olunur. X3 yol nəqliyyat hadisəsinin törədilməsində onun təqsirinin olmamasını qeyd etsə də, iş materialları ilə tam sübuta yetirilmişdir ki, inzibati xəta məhz Nurlan Mahmudovun təqsiri ucbatından baş vermişdir. Belə ki, Nurlan Mahmudov özünə idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olarkən, nizamlanmayan yol ayrıcısına yaxınlaşdıqdan sonra baş yol ilə hərəkətdə olan birinici nəqliyyat vasitəsinə yol versə də, ikinci gələn nəqliyyat vasitəsinə yol vermədən baş yola çıxmış və nəticədə “Yol hərəkəti haqqında” AR Qanununun 77-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da o, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Xaçmaz rayon Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar