Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-580/2025 18.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə 05 avqust 1967-ci ildə Xaçmaz rayonu, Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Həsənqala kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcravə Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 18 mart 2025-ci il tarixli, MN seriyalı, ******* saylı protokola əsasən məlum olur ki, borclu Şəxs icra vərəqələri üzrə 4751 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini Xaçmaz rayon İcra və Probasiya şöbəsind\ə yerinə yetirmir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1069/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs hər ay 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 25 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuşdur. Sonradan uşaqların 18 yaşı tamam olmuş və bir uşağın saxlanılması üçün alimentin miqdarı artırılaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1673/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 175 manat məbləğində aliment xx.xx.2021-ci il tarixdən tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2009-cu il tarixli icra vərəqəsi üzrə borclu aliment borcundan tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Lakin xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 4724 manat ödəniş etmiş, 3151 manat isə borclu qalmışdır. Borclunun Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli icra vərəqəsi üzrə 1600 manat, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə isə 3151 manat borcu vardır. Əlavə olaraq bildirmişdir ki, borclu bir nüçə gün əvvəl ödəniş etmişdir. Borclu il ərzində iki dəfə aliment ödənişi etmiş, əvvəlki illərdə də ödəniş etmişdir. Yığılan borc, köhnədən yaranan aliment borcudur. Uşaqlardan isə üçü yetkinlik yaşlarına çatmışlar. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə aliment məbləği artırılaraq bir uşaq üçün 175 manat məbləğində təyin olunmuşdur. Hazırda borclu bir uşaq üçün aliment ödəyir. Həmçinin 2021-ci ildə alimenti əmək haqqına yönəldilmişdir. Sonradan təkrar əmək haqqına yönəltmək istənildikdə heç bir məlumat tapılmamışdır. Borclunun əmlak vəziyyəti yoxlanılıb, tələbin yönələ biləcəyi əmlakı yoxdur. Borclunun evinə gedildiyi zaman evin köhnə olması görünmüşdür. O, borclu barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) verdiyi izahatda özünü təqsirli bildiyini, lakin maddi imkanı olmadığına görə hər ay 210 manat aliment ödənişi etmişdir. Zərərçəkmiş şəxsə yeni ödəniş etmişdir. Yığılan aliment borcu əvvəldən ödənilməyən borcdur. O, avtomobil qəzasına düşmüş, buna görə də əməliyyat olunmuşdur. Qəza keçirməzdən əvvəl fərdi əməklə məşğul olmuşdur. Hazırda işləmir, həyat yoldaşı işləyir və həyat yoldaşının əmək haqqından ödəniş edir. Maddi vəziyyəti aşağıdır və hazırda yığılan aliment borcunu ödəyə bilmir. Lakin alimenti hər ay ödəyir. Uşaqlarından ikisi yetkinlik yaşlarına çatmalarına batmışdır. Hər ay 175 manat aliment ödəməli olduğuna baxmayaraq o. Hər ay 210 manat aliment ödənişi edir. İkinci ailəsindən hazırda övladı yoxdur. O, hər ay 250 manat ödəniş edəcəyini və uşağın 18 yaşı tamam olsa belə, o, aliment borcunu tam şəkildə ödəyəcəyini bildirərək bu barədə izahatının da alınacağını bildirmişdir. Adında hər hansı əmlakını yoxdur, yalnız köhnə bir evi vardır. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs (tələbkar) bildirmişdir ki, borclu düzgün ifadə vermir, onu söyür, təhqir edir. Borclu bir dəfə belə uşaqları ilə maraqlanmamışdır. O, 2009-cu ildən məhkəməyə gedib-gəlir. Hər dəfə icra məmuruna müraciət etdikdən sonra icra məmurunun təkidi ilə aliment ödəyir. O, hazırda kiçik uşağı ilə birlikdə kirayədə qalır. Borclu hazırda “Amoris” şirkətində işləyir, əvvəldən də orada işləmişdir. Borclunun maaş kartı anasındadır. Ola bilsin ki, borclunun pulu vardır, lakin evini həyat yoldaşının adına keçirtmişdir. Oğlu hərbi xidmətdən yeni gəlmişdir. Qış aylarında iş olmamışdır və o. işsizliklə bağlı müraciət etmişdir. Aliment borcunu tam ödənilməsini, yaxud da borclunun barəsində həbs növündə inzibati tənbeh növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1069/2009 saylı, 24 noyabr 2009-cu il tarixli icra sənədinə əsasən 29 iyul 1993-cü ildə anadan olmuş X6, 27 sentyabr 1994-cü ildə anadan olmuş X2, 06 iyun 1998-ci ildə anadan olmuş X9 və 30 may 2007-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30 oktyabr 2009-cu ildən başlayaraq Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 25 (iyirmi beş) manat miqdarında aliment alınaraq, X5 verilsin. - Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati işin icraatına xitam verilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 3(067)-200/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1673/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 805/2021 saylı qətnaməsi qismən ləğv edilmiş və iddiaçı X1 cavabdeh Şəxs qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli, 2 (067)-370/2011 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılıb, xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 3(067)-200/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarına əsasən xx.xx.1967-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. - 18 iyun 2021-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən 2(105)-1673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - 18 iyun 2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 3(067)-473/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarına əsasən xx.xx.1967-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. - 26 may 2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən 2(067)-1069/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - 26 may 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. - 07 mart 2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Faqil Adıgözəlov tərəfindən borcluya xəbərdarlıq məktubu təqdim edilmişdir. - Borclu 18 mart 2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə izahat verərək icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbini maddi cəhətdən imkanının yaxşı olmamasını göstərmişdir. Həmçinin icra sənədi üzrə bu günə olan aliment borcunun 4751 manat təşkil etdiyini, lakin qeyd olunan borcunu tam şəkildə ödəyə bilmədiyini və hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. - Borclu barəsində məlumatları elektron sorğulanması sənədlərindən onun adında hər hansı əmlak müəyyən edilməmişdir. Lakin "xxxx" MMC-də (VÖEN: **********) ixtisassız fəhlə, kənd təsərrüfatı/mövsümi əmək müqaviləsi ilə 400.0 manat əmək haqqı əldə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, aliment borcunun ödənilməsindən yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Qeyd olunan əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Belə ki, borclunun maddi vəziyyəti və adında hər hansı əmlakın olmaması nəzərə alınarsa, onun yaranmış aliment borcundan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1673/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4724 manat ödəməsi və yetkinlik yaşına çatmayan bir uşağın saxlanılması üçün hər ay təyin olunmuş alimenti ödəməsi, bu al onun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, borcluya borcun ödənilməsi barədə yalnız bir dəfə rəsmi xəbərdarlıq edilmiş, o cümlədən, icra məmuru borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlər (məs, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat vermək və s,.) görmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe nəzərə alınmamışdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1cimaddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cümaddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: 05 avqust 1967-ci ildə Xaçmaz rayonu, Həsənqala kəndinə anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-580/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-580/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver