Məhkəmə qərarları › İş №3(067)-588/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-588/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-588/2021 07.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1996-cı ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu M.F.Axundov küçəsi ev 68-də qeydiyyatda olan və yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 20.06.2021-ci il tarixdə 01:18 radələrində «Vaz 211440 Lada Samara» minik markalı P346OP178 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Bununla da Şəxs oğlu «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu özünü inzibati xətanı törətməkdə qismən təqsirli bilərək göstərmişdir ki, o, 20.06.2021-ci il tarixdə 01:18 radələrində «Vaz 211440 Lada Samara» minik markalı P346OP178 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Avtomobili idarə edərkən DYPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Tibbi müayinədən sonra onun avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuş və barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə məsuliyyət yaranır. Lakin, iş materiallarına Şəxs son bir il ərzində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi və İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. İş materiallarında olan 20 iyun 2021-ci il tarixli alcovisor qəbzindən görünür ki, sürücünün alkoqolun miqdarı 0,622 % promildir. Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan inzibati xəta haqqında protokolda etiraf etmişdir ki, 20.06.2021-ci il tarixdə 01:18-də nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol həmin Məcəlləinin 333.1-ci maddəsinə tövsif edilməli və Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində olan inzibati onun özünün etirafı və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs oğlu barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilsin. xx.xx.1996-cı ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar