Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-601/2025 04.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi bildirmişdir ki, Şəxs “Əlaçı” tədris mərkəzi adlı obyektin üzərində və qarşısında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Tərəflərindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə şifahi və müvafiq qanuni pozuntularının qaldırılması barədə göstəriş göndərilməsinə baxmayaraq, yenə də qanun pozuntuları baş vermiş və bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxsdir, tabeliyində birdən çox işçi vardır. Həmçinin Şəxs barəsində Vergi orqanına sorğu verilmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyi üçün vəzifəli şəxs hesab edilmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirmişdir ki, onlar hazırlıq təhsil kurslarında qanunvericiliklə icazə verilən fəaliyyətlə məşğul olurlar. Dövlət tərəfindən dövlət məktəbləri ilə yanaşı özəl təhsil müəssisələrinin inkişafına da qanunvericilik çərçivəsində dəstək olunur. Onlar dövlətin qanunlarına hər zaman riayət edir və buna uyğun olaraq öz hesabatlarını aparırlar. Reklamla əlaqədar bilik və məlumatı yoxdur. O, Xaçmaz RMX-nın qarşısında dayaqlı reklam lövhəsi yerləşdirdiklərini etiraf etmişdir. O, reklamla əlaqədar anlayışı olmadığı üçün bu barədə Xaçmaz RİHB-na şifahi qaydada müraciət etmiş, İcra hakimiyyətinin əməkdaşı onlara bu işlə əlaqədar olaraq köməklik göstərmişdir. Çünki onlar təhsil sahəsi ilə məşğul olurlar və işıqlı reklam lövhəsinin yerləşdirilməsində köməklik göstərmişlər. Sonradan Reklam idarəsinin əməkdaşları ona bu barədə məlumat verərək reklam yerləşdirilməsi üçün qanunun tələblərini izah etmişlər. Onlar bundan sonra Quba, Xaçmaz, Xudat və Şabran rayonlarında olan bəzi reklamlarını ləğv etmişlər. O, X5 idarəsinə də bildirmişdir ki, müqavilə bağlamağa, reklamların qeydiyyatdan keçməsinə etiraz etmir. Reklamları ya ləğv etməli, ya da qeydiyyata alınmalıdır. Əlavə olaraq 2023-cü il tarixdə Şabran rayonunda qeydiyyatda keçmək üçün Reklam idarəsinə müraciət etmiş və ödəniş etmişdir. Daha sonra Quba rayonunda və Xudat şəhərində reklam lövhələrini sökmüşlər və Xaçmaz rayonunda yerləşən digər obyektlərinin yerini dəyişmişlər. O, VÖEN-ni olduğunu, sistemdə fiziki şəxs kimi qeydiyyatda olduğunu və fiziki şəxs kimi fəaliyyət göstərdiyini bildirmişdir. Həmçinin tabeliyində işçi yoxdur, hesabat verir. O, inzibati xətanı etiraf edir, fəaliyyətləri gənc nəslin təhsil alması ilə əlaqədar olmasının nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24 yanvar 2025-ci il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair “Akt”ın surətindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:10-da Xaçmaz şəhəri. N.Nərimanov prospektində “Əlaçı” (VÖEN6 **********) adlı obyektin üzərində (və ya qarşısında) müvafiq icazə olmadan və ya müvafiq haqq vaxtında ödənilmədən, qanunla qadağan edilməsinə baxmayaraq yayımlanmış 2 ədəd reklam aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan “Göstəriş”dən müəyyən edilir ki, icrası məcburi olan göstərişi aldıqları vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün X5 İdarəsinə müraciət etməkləri və ya icazəsiz reklam yayımını dayandırmaqları tələb olunmuşdur. - Xəbərnamənin surətindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan “Göstəriş” barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qəbul edilmişdir. - İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Xaçmaz şəhəri, N.Nərimanov prospektində, açıq məkanda və obyektin üzərində üzərində “Əlaçı tədris mərkəzi” adlı reklam lövhəsi yerləşdirilmişdir. - Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin baş mütəxəssisi X3 tərəfindən 13 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında göstərilmiş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 106, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-601/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-601/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver