Məhkəmə qərarları › İş №3(067)-607/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-607/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-607/2024 08.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin X6 polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Laçın rayonunun Tığik kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Nabran kəndi, “Xəzər" Turist bazasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon X7 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 07 may 2024-cü il tarixdə saat 17:00 radələrində Qusar rayon sakini X1 şifahi şikayəti əsasında Polis Şöbəsinin X6 əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nabran kəndindəki “Xəzər” Turist bazasının qarşısında dəniz sahilində saxlanılaraq Rahim Mirzəbəyova qarşı etdiyi hərəkətlərə görə nizam-intizama dəvət edilərkən Şəxs sərxoş vəziyyətdə polisin ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmiş, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin X6 polis sahə rəisi X5 göstərdi ki, Şəxs 07 may 2024-cü il tarixdə saat 17:00 radələrində Qusar rayon sakini X1 Şəxs tərəfindən söyülməsi barədə şifahi şikayəti əsasında X6 əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nabran kəndindəki “Xəzər” Turist bazasının qarşısında dəniz sahilində saxlanılaraq Rahim Mirzəbəyova qarşı etdiyi hərəkətlərə görə nizam-intizama dəvət edilərkən Şəxs sərxoş vəziyyətdə polisin ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmiş, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 07 may 2024-cü il tarixdə günorta saatlarında tanışının məclisində yemək yeyərkən spirtli içki qəbul etmiş, axşam saatlarında Xaçmaz rayonunun Nabran kəndindəki “Xəzər” Turist bazasının ərazisində Xəzər dənizində çimib çıxdıqdan sonra sərxoş olduğundan həmin yerdə rastlaşdığı tanışı Rahim Mirzəbəyovla səbəbsiz mübahisə edib ünvanına nalayiq ifadələr işlətmişdir. Bir qədər sonra ona X6 əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək hüquqazidd hərəkətlərinə görə iradlarını bildirdikdə sərxoş olması səbəbindən əməkdaşları qanuni tələblərinə məhəl qoymaraq hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu X9 dəvət etmişlər. Hərəkətlərindən peşmandır. Məhkəmədə şahid qismində izahat verən X3 göstərdi ki, 07 may 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz rayonunun Nabran kəndindəki “Xəzər” Turist bazasının ərazisində Xəzər dənizinin sahilində tanışı Şəxs ilə rastlaşıb salamlaşdıqdan sonra sonuncu sərxoş olduöundan heç bir səbəb olmadan ünvanına nalayiq ifadələri işlətmiş, o, Rafiqi sakitləşdirmək istəsə də o, hərəkətlərini davam etdirmişdir. Bundan sonra əraziyə polis əməkdaşları yaxınlaşdıqda o, polis əməkdaşlarına Rafiqin onu söydüyünü bildirmiş, əməkdaşlar Rafiqi nizam-intizama dəvət etmlərinə baxmayaraq sonuncu hərəkətlərini davam etdirib nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları Rafiqi X9 aparmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 08 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, hadisənin video görüntüsünə dair DVD disk, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 07 may 2024-cü il tarixli, 69 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs qeyd olunan tarixdə tibbi müayinədən keçmiş və onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 07 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 may 2024-cü il tarixdə saat 17:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 07 may 2024-cü il tarixdən saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 07 may 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar