Məhkəmə qərarları › İş №3(067)-608/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-608/2025

27.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-608/2025 27.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Xaçmaz rayonu, Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Köhnə Xudat kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Köhnə-Xudat kəndində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında DİN-nin 102 xidmətinə Şəxs barəsində şikayət daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Xaçmaz RPŞ-nin polis sahə rəisi, polis kapitanı İlham Azayev hadisə yerində olmuşdur. Həmin vaxt Şəxs yaşadığı evinin mətbəxində və otağında olan məişət əşyalarını sındırması və anası Sara Babayeva ilə mübahisə etməsi ilə bağlı raport təqdim etmişlər.Şəxs polis əməkdaşları tərəfindən sakitləşdirilərək nizam-intizama dəvət olunmasına baxmayaraq poıisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Vətəndaş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə məcburi qaydada PŞ-ya aparılmışdır. Şəxs PŞ-ya aparılarkən sərxoş vəziyyətdə olmuşdur. Şəxs sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinə keçirilmiş və orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mütəmadi olaraq həmin hərəkətlərə yol verir və anasını bezdirib. Anası məcburiyyət qarşısında qalaraq PŞ-ya müraciət edərək, artıq oğlunun öhdəsindən gələ bilmədiyini bildirmişdir. Anasının dediyinə görə Şəxs spirtli içki içir, özünü idarə edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında özünü təqsirli bilərək bildirmişdir ki, hadisəni törədərkən sərxoş vəziyyətdə olmuşdur. O, evdə anasını narahat etmədiyini, onu döymədiyini, sadəcə əsəbi olduğu üçün evdə olan stolu sındırdığını bildirmişdir. Həmçinin polis əməkdaşları onu PŞ-ya apardıqları vaxt polis əməkdaşları ilə dava etməmiş, onlara qarşı söyüş söyərək təhqir etməmişdir. Birinci dəfədir ki, belə bir hadisə törənmişdir. Anası əsəbi insandır və əsəbiləşdiyi üçün barəsində polisə zəng edib şikayət etmişdir. O, törətdiyi əməli etiraf edərək bir daha belə səhvə yol verməyəcəyini bildirib barəsində cərimə növündə inzibati cərimə təyin edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında protokol”dan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin Xudat PB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 06:50-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Köhnə-Xudat kəndində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixində xidmətdə olarkən saat 20 radələrində DİN-nin 102 saylı zəng xidmətindən daxil olmuş məlumat əsasında bölmənin məsul növbətçisi polis kapitanı Hikmət Kərimovun göstərişinə əsasən bölmənin polis nəfərləri polis serjantı Saleh Həmidov və polis serjantı Məhsim Muradxanovla birlikdə Xaçmaz rayonu, Köhnə Xudat kəndinə getmişlər. Onlar daxil olmuş məlumat əsasında həmin ünvanda olarkən sonradan adı onlara məlum olan Şəxs yaşadığı evinin mətbəxdə və otaqda olan məişət əşyalarını sındırmasını və anası Sara Babayeva ilə mübahisə etməsinin şahidi olub onu sakitləşdirib nizam intizama dəvət etməyə çalışmışlar. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanuna zidd hərəkətlərini davam etdirməsini və onun həddindən artıq sərxoş vəziyyətdə olmasını hiss edib çətinliklə olsada Xudat PB-ya aparmışlar. - xx.xx.2025-ci il tarixli Şəxs Xudat PB-da verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2025ci il tarixdə, axşam saatlarında yaşadığı kənddə olan kafedə dostları ilə yemək yeyib spirtli içki qəbul etdikdən sonra evə getmişdir. Həmin vaxt həddindən çox spirtli içki qəbul etdiyindən özünü idarə edə bilməmiş, evdə olan bütün əşyaları sındırıb anası ilə səbəbsiz yerə mübahisə etmişdir. Mübahisənin səbəbi evə sərxoş vəziyyətdə gəlməsi olmuşdur. Anası ondan şikayət etdiyi üçün polis əməkdaşları onların yaşadıqları ünvana getmişlər Polis əməkdaşları onu sakitləşdirib nizam intizama dəvət etsələrdə o öz qanunsuz hərəkətlərini davam etmişdir. Bundan sonra polis əməkdaşları onu Xudat PB-ya aparmışlar. O, həmin vaxt sərxoş vəziyyətdə olmuş, etdiyi əməldən səmimi peşmançılıq çəkir. - xx.xx.2025-ci il tarixli X1 Xudat PB-da verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində oğlu Xəyal həddindən artıq sərxoş vəziyyətdə evə gəlib bütün əşyalarını vurub sındırmağını görüb onu dəfələrlə sakitləşdirməsinə baxmayaraq daha aqressivləşərək öz hərəkətlərini davam etdirib nalayiq ifadələr işlətdiyini görüb məcbur qalaraq polisə zən etmişdir. Polis əməkdaşları onların yaşadıqları ünvana gəlib oğlu Xəyalı sakitləşdirməyə çalışsalar da, onların hərəkətlərinə məhəl qoymayıb öz hərəkətlərini davam etmişdir. Polis əməkdaşları oğlu Xəyalı PB-ya aparmışlar. Şəxs belə hərəkətləri dəfələrlə təkrarlamışdır. - xx.xx.2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından müəyyən edilir ki, Şəxs alkoqol sərxoşluq “orta dərəcə sərxoşluq” vəziyyəti müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə iclasında əməlindən peşman olduğunu bildirməsi yüngül cəzanın təyin edilməsinə nail olmaq məqsədi daşıyır, bu səbəbdən məhkəmə şəxsin əməlindən peşman olması barədə dediklərini səmimi peşmanlıq kimi qiymətləndirmir və inzibati xətaya görə məsuliyyəti yüngülləşdirın hal kimi nəzərə almır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xətanı sərxoş vəziyyətdə törətməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddə təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxx 1995-ci ildə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 26 mart 2025-ci il tarixdən, saat 06:50dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar