Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-610/2024 11.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Xaçmaz rayon X6 X7 inzibati xəta haqqında 04 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon X6 X7 inzibati xəta haqqında 04 may 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, O, 04 may 2024-cü il tarixdə təqribən saat 14:30 radələrində özünə məxsus dövlət nömrə nişanı **-EK-*** olan, “KİA CEED” markalı avtomobillə Gəndob-Yalama magistralının 43-cü kilometrliyində hərəkətdə olan zaman dövlət nömrə nişanı **-YP-*** olan avtomobili idarə edən, polis serjantı Səidov Samir onun avtomobalini saxlamış və müxtəlif bəhanələr gətirərək heç bir sübut və görüntü olmadan əsassız olaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta törətməsi ilə bağlı qərar qəbul edərək 80 manat cərimə yazmışdır. Qərarı əsassız hesab edir, çünki o, heç bir qayda pozuntusuna yol verməmişdir. Ona görə də hüquqları pozulduğuna görə məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 izahatında göstərmişdir ki, YPX-nin əməkdaşı onu öz maşınını idarə edərkən saxlamış və qoşa xəttin üstündən keçdiyini bildirərək ona cərimə yazmışdır. Halbuki o, qırıq-qırıq xəttin üstündən ötmə əməliyyatı etmiş, lakin polis əməkdaşı ona düz xəttin üstündən keçdiyini bildirmişdir. Ancaq bu barədə heç bir sübut, dəlil, video-görüntü mövcud deyildir. Ona görə də ona cərimə yazılmasını əsassız hesab edir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Xaçmaz rayon X6 X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X6 X7 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunmasına dair Xaçmaz rayon X6 X7 04 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Xaçmaz rayon X6 X8 tapşırılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X6 X7 04 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 80 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı qərardan şikayət vermiş şəxs X3 isə izahatında göstərmişdir ki, o, qırıq-qırıq xəttin üstündən ötmə əməliyyatı etsə də, YPX-nin əməkdaşı ona düz xəttin üstündən keçməsi ilə bağlı əsassız olaraq cərimə etmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X6 X7 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin Məhkəmə tərəfindən 23 may 2024-cü il tarixdə videogörüntülərlə bağlı sorğu göndərilsə də inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, yolun hərəkət hissəsinin nişanlama xəttinin qoşa xətt olmasının aydın müşahidə olunmaması və həmin ərazidə dönmənin qadağan edilməsi ilə bağlı yol nişanının mövcud olmaması iş materiallarına əlavə olunmuş disklə müəyyən olunduğundan və qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Xaçmaz rayon X6 X9 tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən şikayət qismən təmin edilməli, Xaçmaz rayon X6 X7 inzibati xəta haqqında 04 may 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Xaçmaz rayon X6 X7 inzibati xəta haqqında 04 may 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və işə yenidən baxılması Xaçmaz rayon X6 X8 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-610/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-610/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver