Məhkəmə qərarları › İş №3(067)-611/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-611/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-611/2020 09.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 №-li ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən «Evro market» ticarət mərkəzində qeyri-ərzaq mallarının, geyim əşyalarının satışının həyata keçirməsinə göstəriş verməklə karantin rejim qaydalarını pozmuşdur. Məhkəmədə izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə atasının mülkiyyətində olan və özünün etibarnamə əsasında işlətdiyi Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən «Evro market» ticarət mərkəzində işləyən işçilərinə ərzaq mallarının satışı ilə yanaşı qeyri-ərzaq mallarının, geyim əşyalarının satışının da həyata keçirilməsi barədə göstəriş vermişdir. O, qeyd olunan inzibati xətanı törətməsini Nazirlər Kabinetinin karantin rejimi qaydaları haqqında sonuncu qərarından xəbərsiz olması ilə əsaslandıraraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin əlilliyinin olmadığını bildirdi.Əlavə olaraq bildirmişdir ki, himayəsində iki azyaşlı övladı var. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-də polis nəfəri vəzifəsində işləyən X1 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri ərazisində epidemiya və karantin rejimi qaydalarına riayət olunması ilə əlaqədar xidmət apararkən Xaçmaz şəhərinin R.Behbudov küçəsində yerləşən «Evro market» ticarət mərkəzində qeyri-ərzaq mallarının, geyim əşyalarının satışının həyata keçirilməklə karantin rejimi qaydalarının pozulmasını aşkar etmiş, ticarət mərkəzinin əməkdaşlarına törətdikləri əməlin məsuliyyətini izah etməklə onları Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-də polis nəfəri vəzifəsində işləyən X3 şahid X1 ilə eyni məzmunlu ifadə vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, «Evro market» ticarət mərkəzinin əməkdaşlarının izahatları və iş materialları ilə tam sübuta yetir. İş materiallarından görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmışdır və o, İXM-nə əsasən vəzifəli şəxs hesab olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd:Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məjəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 4000 (dördmin) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar