Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-626/2022 12.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Şəxs MMC-nin nümayəndəsi, vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs MMC 27.01.2020-ci il tarixdə 12000 ABŞ dolları məbləğində olan vəsait Bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçsə də 12000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, inzibati xəta protokolunda qeyd olunan vəsait üzrə mallar bəyan olunub. Malın gəlməsi yük gömrük bəyannamələri ilə təsdiq olunur. Əmlaklar ölkəyə 2020-ci ilin yanvar-fevral aylarında daxil olub. DGK yük gömrük bəyannaməni onlayn tərtib olunur, sorğu nömrələri əsasında cavab verilir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş on dörd ədəd elektron gömrük bəyannaməsindən görünür ki, 12000 ABŞ dolları məbləğində mal 2020-ci ildə ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-626/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-626/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver