Məhkəmə qərarları › İş №3(067)-645/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-645/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-645/2025 04.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, 19 oktyabr 1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 03 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 03 aprel 2025-ci il tarixdə saat 23:00 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Cahangir Alxasova məxsus çayxanadan baş vermiş oğurluqda şübhəli şəxs qismində Xaçmaz şəhəri Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən, o, polis əməkdaşlarıyla getməkdən imtina etmiş və onların ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Sabit Tahirov ilə Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Elvin Camalzadə birlikdə Xaçmaz şəhərində xidmət apararkən xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Cahangir Alxasova məxsus çayxanada baş vermiş oğurluq hadisəsində şübhəli bilinən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ev 7-də yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Şəxs Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində olduğunu müəyyən edib ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Şəxs təhqiat bölməsində dindirilərək izahatı alınmasından ötrü Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bu zaman Şəxs Xaçmaz RPŞnə getmək istəmədiyi üçün qeyri-adektiv hərəkətlərə yol verib, nalayiq ifadələr işlədərək polis əməkdaşlarının ünvanına söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərinə və nalayiq ifadələr işlətməyə davam etmişdir. Vətəndaş Şəxs kobud rəftarı və göstərdiyi müqavimətə baxmayaraq polis əməkdaşları onu Xaçmaz RPŞnin Növbətçi hissəsinə gətirmişlər. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, hadisə baş verən gün onun evdə xəstəsi var idi, həm də bir az əsəbi idi. Polis əməkdaşları onu oğurluqda şübhəli bilərək yaxınlaşmış və onu Polis Şöbəsinə aparmaq istədiklərini bildirmişlər. O, da onlara bildirmişdir ki, onun heç bir təqsiri yoxdur. Əsəbi olduğu üçün söyüş söymüşdür, lakin polis əməkdaşlarının ünvanına söyüş söyməmişdir. İşləyir, həbs olunmaq istəmir. Əməlindən peşmandır və bir daha belə bir səhvə yol verməyəcəkdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Elvin Camalzadə ifadəsində göstərmişdir ki, Şəxs baş vermiş oğurluq hadisəsi ilə bağlı axtarışda idi. Ona görə də yaxınlaşaraq onu Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman Şəxs ünvansız söyüşlər söyməyə başlamışdır. Onlar onu nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymamış, nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra onu Xaçmaz rayon Polis Şöbəsinə məcburi gətirmişlər. Məhkəmə işdə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatlarını və şahidin ifadələsini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokollar, şahid ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikasının 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar