Məhkəmə qərarları › İş №3(067)-649/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-649/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-649/2025 07.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonu, Yekaterinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2715/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən 450 manat alimenti ödəməmişdir. Borclu 2250 manat alimenti ödəməyərək İcra şöbəsində icra məmurunun qanuni tələbini icra etmir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Xaçmaz rayon məhkəməsinin qərarına əsasən 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 150 manat olmaqla ümumilikdə 450 manat aliment alınaraq tələbkara verilməlidir. İcra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə 26 noyabr 2024-cü il tarixdə icraata qəbul edilmişdir. Borclu hazırkı tarixədək 900 manat məbləğində ödəniş etmiş, ödənilməmiş 1250 manat məbləğində aliment borcu vardır. Borcluya anasına baxdığına görə 100 manat məbləğində pensiya verilir . Borclu əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs(borclu) izahat verərək bildirmişdir ki, sonuncu ödənişi Novruz bayramı ərəfəsində aldığı pensiyadan toplayaraq 200 manat məbləğində etmişdir. 5 aydır ki, avtomobil qəzası keçirdiyi üçün işləyə bilmir. Anası onun himayəsindədir. Qəzada aldığı xəsarətlə əlaqədar işləyə bilmədiyi üçün ödəniş edə bilməmişdir. Onu bazara meyvə satmağa getdiyində yolu keçərkən avtomobil vurmuşdur. Bunun nəticəsində ayağından və çiynindən xəsarət almışdır. Ayın 15-i tarixində yenidən həkim müayinəsinə getməlidir. Qəzanı törədən şəxsin maddi vəziyyəti aşağı olduğu üçün maddi ziyan tələb etməmişdir. O, bağının olduğunu və zamanı çatdığında bağından fındıq sataraq ödəniş edəcəkdir. Hazırda ödəniş etmək imkanı yoxdur. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı,2088139nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2715/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş uşaqları – 28 yanvar 2009-cu ul təvəllüdlü X2, 28 sentyabr 2010-cu il təvəllüdlü X3 və 27 noyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 23 avqust 2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay, hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğdə aliment və mediyasiya prosesinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq X1 verilməsi və eyni zamanda cavabdeh Şəxs 74 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qeyd olunmuşdur. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən 2(067)-2715/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Natiq Müslümov tərəfindən borcluya xəbərdarlıq məktubu təqdim edilmişdir. - Borclu xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə izahat verərək icra sənədi üzrə tələbi bu günədək icra etməməsinin işləmədiyini və sağlamlığının buna imkan vermədiyini bildirmişdir. Həmin tarixədək 900 manat məbləğində ödəniş etmişdir. Həmçinin icra sənədi üzrə həmin tarixə olan aliment borcunun 2250 manat təşkil etdiyini, lakin qeyd olunan borcunu ödəmək vəziyyətində olmadığını və adında rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakının olmadığını bildirmişdir. - Borclu barəsində məlumatları elektron sorğulanması sənədlərindən onun adında 100 manat pensiya məbləği göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun icra vərəqəsini icra etməməsi qeyd edilmiş, lakin protokolda icra etməmənin nədən ibarət olması həmçinin, icra etməmənin səbəbinin üzrsüz olması açıqlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn və subyektiv tərəfin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olması, icra sənədinin üzrsüz yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. Əksinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qəza nəticəsində əmələ gəlmiş hazırkı fiziki vəziyyəti, onun üzrlü səbəbdən qətnaməni icra edə bilmədiyini bir daha nümayiş etdirir. Həmçinin, materiala əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının ifadələrindən müəyyən edilir ki, Şəxs tələbkara olan aliment borcundan ödənişlər etmiş, yığılıb qalan aliment borcunu isə məhsul yığımı zamanı ödəyəcəyinə dair vəd vermişdir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəməkdən imtina etməmiş, yayınmamışdır, icra məmurunun qanuni tələblərinə əməl etmişdir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 icra sənədi üzrə borcu ödəməkdən qəsdən yayınma halları təsdiq olunmur. Belə ki, borclunun maddi vəziyyəti və adında hər hansı əmlakın olmaması, onun yetkinlik yaşına çatmayan üç uşağın saxlanılması üçün hər ay təyin olunmuş alimenti və yaranmış borcdan müəyyən hissə olmaqla ümumilikdə 900 manat pul ödəməsi nəzərə alınarsa, bu hal onun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Bununla da protokolu tərtib etmiş şəxs tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe nəzərə alınmamışdır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, aliment borcunun ödənilməsindən yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Qeyd olunan əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1cimaddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXMnin114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cümaddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonu, Yekaterinovka kəndinə anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar