Məhkəmə qərarları › İş №3(067)-650/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-650/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-650/2024 16.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X6 və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxx 1978-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz şəhəri, H. Əliyev 3a/2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(067)-1051/2023 saylı qətnaməsinə əsasən Şəxs, X9 3707.35 manat pul, X3 1718 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 28 oktyabr 2023-cü il tarixdə icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023cü il tarixli 2(067)-1051/2023-010 saylı icra sənədi xx.xx.2023-cü ildə icraatına daxil olmuşdur. İcra sənədi üzrə borclu Şəxs 1718 manat məbləğində pul vəsaiti və 70 manat dövlət rüsumu tutularaq tələbkar X2, 3707.35 manat pul və 70 manat dövlət rüsümu tutularaq X6 xeyrinə ödənilməlidir. Borclunun həyat yoldaşı kredit götürmüş və onun iş yoldaşları olaraq tələbkarlar zamin olmuşlar. Sonradan kredit götürən borclunun həyat yoldaşı vəfat etmiş və məhkəmə qətnaməsi ilə hazırda borclu Şəxsdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya rəsmi bildiriş göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, mərhum həyat yoldaşı bankdan kredit pul götürərkən iş yoldaşları, yəni tələbkarlar onun üçün zamin olublar. Həyat yoldaşı 5000 manat kredit götürsə də, evlərində həmin pula nə isə iş gördüyünü görməmişdir. 5000 manat az bir məbləğ deyil. Yoldaşı 8 ildir ki, vəfat edib. Onun tələbkarlara borcu ödəməyə imkanı yoxdur. 4 qız 1 oğlan olmaqla 5 uşağı var. Hazırda oğlunun 17 yaşı var və o, çayxanada işləyərək evi dolandırır. O özü isə heç yerdə işləmir. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X4 göstərdi ki, borclu həyat yoldaşından qalan evdə yaşayır və yoldaşı vəfat etdikdən sonra ona dövlət tərəfindən 6000 manat pul verilib. Borclunun yoldaşı müharibə veteranı olub, ona dövlət tərəfindən ev də verilib. 2020-ci ildən sonra onun aldığı kreditin ödənişi aylıq olaraq onlardan yəni zaminlərdən tutulub və indi də onlar ödəyir. Hazırda işləmir və pensiyaçıdır. Borcludan borcunu ödəməsini tələb etsə də onun həbs edilməyi ilə razı deyil. Oğunun 1 ildən sonra 18 yaşı olduqdan sonra onların pulunu ödəyə bilər. Həmçinin orclunun evi var, evini sataraq ona olan borcunu ödəyə bilər. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X13 göstərdi ki, onun kredit borcunu ödəməyə imkanı yoxdur. Yeni ev tikib və hazırda evi təmir olunmamış qalıb. Maddi vəziyyəti çox aşağıdır. Borcludan pulunu tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar