Məhkəmə qərarları › İş №3(067)-651/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-651/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-651/2025 28.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, 20 iyun 1963-cü ildə Xaçmaz rayonu, Canaxır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Xaçmaz rayonu, Canaxır kəndində yaşayan X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05 aprel 2025-ci il tarixli, EQ seriyalı 27143046 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Rüstəm Azay oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05 aprel 2025-ci il tarixli, EQ seriyalı 27143046 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həya yoldaşı xəstəlikdən əziyyət çəkdiyi üçün Bakı şəhərində qızının yanında qalır müalicə ilə bağlı, o, buna görə özünə məxsus “OPEL VECTRA” markalı ** BS *** dövlət nəqliyyat nişanlı vasitəsi ilə evdən lazım olan ərzaq mallarını götürərək yoldaşına baş çəkmək üçün Bakı şəhərinə yola düşmüşdür. Bu vaxt yolu Sumqayıt şəhərindən keçərkən iki nəfər sərnişin biri az yaşlı qız, digər biri isə kişi olmaqla iki nəfər sərnişin götürərək yoluna davam etmişdir. Həmin vaxt az yaşlı qız uşağı arxada oturmuşdur, onları götürməyinə səbəb isə yol pulu qazanmaq olmuşdur. Bakı şəhərinə 20 Yanvar dairəsinə çatdıqda qız uşağı ondan düşmək istədiyini bildirmişdir, lakin həmin yerdə yəni yolun sağ tərəfi ictimai nəqliyyat vasitələrin saxlamaq üçün nəzərdə tutulduğundan o, həmin yerdə nəqliyyat vasitəsini saxlaya bilmədiyi üçün, nəqliyyat vasitəsini Dərnəgül yoluna tərəf idarə etdirmiş və həmin yolda onunla eyni sitiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrin yolun sağ tərəfində dayanmış vəziyyətdə olduğunu gördüyü üçün o, da nəqliyyat vasitəsini yolun sağ tərəfinə verərək həmin sərnişinləri orada düşürmüşdür. Bundan sonra o, nəqliyyat vasitəsinin içində olduğu vaxt ona dayanma qaydalarının pozulması ilə bağlı cərimə olunması ilə bağlı sms xəbərdarlıq gəlmişdir. Həmin yerdə dayanma durma qaydalarının qadağan olunması ilə bağlı hər hansı bir nişan olmamışdı və ya olmuşdur sa da həmin niçan orada görünməyən bir yerdə olmuşdur. Ona görə də barəsində cərimə olunması ilə bağlı qəbul edilmiş qərarla razı olmayaraq məhkəməyə müraciət etməli olmuşdur. O, özü əlavə qeyd edərək bildirdi ki, özü keçmiş polis işçisi olmuşdur, lakin hal hazırda təqaüddədir, həm Qarabağ həm Əfqanıstan döyüşlərində iştirak etmiş veterandır. Mənim hal-hazırda həmin cərimənin ödənilməsi üçün maddi cəhətdən imkanım yoxudur. İnzibati qərar qəbul etmiş Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarı qəbul etmiş olan Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən şikayətçi X3 müraciətinə əsasən təqdim olunmuş foto şəkildən görünür ki, xətanın yeri 20 Yanvar dairəsi olması müəyyən edilmiş, lakin Rüstəm Osmanov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərinin pozulmasına dair hər hansı bir sübut qeyd olunan şəkillərdən müəyyən edilməmişdir. Bundan məhkəmə baxışı zamanı şikayətçinin müraciəti əsasinda təqdim olunmuş TŞ (təhlükəsiz şəhər) kamera görüntülərini əks etdirən foto şəkilləri nəzər yetirilən zaman inzibati xətanın törədilməsi yeri 20 Yanvar dairəsi müəyyən edilmiş, lakin həmin ərazidə 346.4-cü maddəsinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir sübut əhəmiyyətli sənəd şikayətçiyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X5 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 05 aprel 2025-ci il tarixli, EQ seriyalı 27143046 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində olan 05 aprel 2025-ci il tarixli, EQ seriyalı 27143046 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Daxili İşlər Nazirliyinin Baş X8 idarəsinin 05 aprel 2025-ci il tarixli, EQ seriyalı 27143046 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş X8 idarəsinin 05 aprel 2025-ci il tarixli, EQ seriyalı 27143046 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin Şikayət qalan hissədə rədd edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar