Məhkəmə qərarları › İş №3(067)-658/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-658/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-658/2025 28.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi,, qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, X4 Hicran oğlunun iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Əliyev Rövşən Hicran oğlunun şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X4 Hicran oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 02 aprel 2025-ci il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 274.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməsinə səbəb kimi onun özünə məxsus iti digər itlərlə döyüşdürməsi və rəhmsiz davranması olmuşdur. Cərimə heç bir səbəb və əsas olmadan yazılmışdır. Hansı ki, onun heç bir təqsiri yoxdur. Ona qanunsuz olaraq xx.xx.2025-ci il tarixdə yazılan 500 manat məbləğində inzibati cəriməni əsassız yerə yazdıqlarını əməkdaşlar da bildirmişlər. Hadisə zamanı həmin ərazidə olsa da itlərin döyüşdürülməsi ilə o yox digər tanımadığı şəxslər məşğul olmuşlar. Məhkəmə iclasında şikayətçi izahat verərək onun tutulan gün məhkəməyə gətirildiyini və itləri döyüşdürdüyü üçün barəsində 5 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Həmin gün digər 12 nəfər də it döyüşdürmüşlər. Lakin tək o saxlanılmışdır. O, şikayəti özünün yazmadığını, ümumiyyətlə bu barədə məlumatsız olduğunu və barəsində tərtib edilmiş inzibati qərardan şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahat verərək şikayətçinin şikayəti təkzib etdiyini bildirmişdir. Məhkəmə şikayətçinin və qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xaçmaz rayonu, Ağçay kənd sakini Əliyev Rövşən Hicra oğlu özünə məxsus iti digər itlərlə döyüşdürməklə və rəhmsiz davranma nəticəsində barəsində Azərbaycan Respublikası İXM-nin 274.1-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. - 04 aprel 2025-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məktub ünvanlanaraq barəsində qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli Qərarı icra edilməsi üçün X3 göndərilmişdir. - Şikayətçi 28 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 aprel 2025-ci il tarixli, MN seriayalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdən məlumatı olmadığını və şikayəti özünün yazmadığını, həmçinin imzanın ona məxsus olmadığını bildirərək şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 274.1-ci maddəsinə əsasən heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Əliyev Rövşən Hicran oğlu qanunvericiliyin tələblərini pozaraq, özünə məxsus iti digər itlərlə döyüşdürərək rəhmsiz rəftar etmiş, qeyd olunan hal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 274.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş və şikayətçi inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmiş, əksinə məhkəmə iclasında şikayət barədə məlumatsız olduğunu və şikayətçi olmadığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və həmçinin X4 Hicran oğlunun törətdiyi əməli etiraf etməsi, qərardan şikayətçi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etməsi səbəbilə şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Əliyev Rövşən Hicran oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar