Məhkəmə qərarları › İş №3(067)-661/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-661/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-661/2024 20.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz RPŞ-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, R.Sadıqov küçəsi 115 saylı evdə yaşayır Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 48 saat olduğunu düşünərək materialı bu gün gətirib. Şəxs axtarışda olub, polis əməkdaşları xidməti maşınla ona saxla göstərişi verib, o, isə avtomobili saxlamayıb. Polis əməkdaşları ona yaxınlaşanda nalayiq ifədələr işlətmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs məhkəmə iclasında özünü AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşanda o, həyəcanlı və qorxduğu üçün nalayiq sözlər işlətmişdir. O, müharibə iştirakçısıdır, əsəbləri yerində deyil, gərginlik yaşayır. Etdiyi əməldən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 göstərmişdir ki, İsmayılı tanıyır. Axtarışda olan şəxsin arxasında getmişlər. Və o zaman İsmayıl olduğu maşına saxla əmri verilsə də o, maşını saxlamamışdır. Polis əməkdaşları ona yaxınlaşıb və bu zaman İsmayıl onların əmrinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 göstərmişdir ki, 4 saylı ərazi üzrə xidmətdə olan zaman polis əməkdaşları kömək üçün onlara müraciət etmişdir. Onlar əraziyə getmiş və İsmayıl adlı şəxsin avtomobilinin arxasında düşmüş və ona saxla əmri verəndə o əmrə tabe olmamış, benzini bitdikdən sonra maşını saxlamışdır. Ona yaxınlaşanda bu zaman nalayiq ifadələr işlətməyə başladı. Ona görə də barəsində raport yazmışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X8 göstərmişdir ki, onlar postda olarkən əməkdaşlar onları köməyə çağırdılar. İsmayılın maşınının arxasında getmiş, saxla əmri vermişlər. İsmayıl adlı şəxs onlara tabeçilik etmədi. Maşının benzini bitdikdən sonra maşını saxlamışdır. Onlar da ona yaxınlaşanda nalayiq ifadələr işlətməyə başladı. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq inzibati xəta törətmişdir. -“İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli, protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:33 inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmadan azad edilmişdir. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, şahid ifadələri ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1996-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbsin əvvəli 20 may 2024-cü il saat 17:10-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar