Məhkəmə qərarları › İş №3(067)-673/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-673/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-673/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin ibnzibati binasında ictimai qaydaları pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayonu, Xaspoladoba kənd sakini Şəxs 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu zaman onun avtomobilinə əyləşən gözdən əlil qadının itkin düşməsində şübhəli bilindiyi üçün ifadəsinin alınması məqsədilə Xaçmaz RPŞ-nə dəvət olunmuşdur. Həmin vaxtı Xaçmaz RPŞ-nin əməliyyatçılarının tələbindən narazı olmuş və polis şöbəsinə gəlməkdən imtina etmişdir. Buna görə də barəsində İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində bir dəfə də eyni əsaslarla İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilmiş və hazırda həmin cərimə məbləğini ödəməmişdir. Şəxs sənədləri imza etməkdən də imtina etmişdir. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, 2023-cü il tarixdə o, həmin qadını aparıb 5 nömrəli tam orta məktəbin yanında, bacısının evinin qarşısında avtomobilindən düşürmüşdür. Bundan sonra neçə dəfələrlə Polis şöbəsinə dəvət olunmuş və Polis şöbəsinə getmişdir. Hazırda isə 3-4 gün bundan öncə Sabit müəllim ona zəng edərək Polis şöbəsinə dəvət etmişdir. O, Sabit müəllimə vaxtının olmadığını, birinci gün gələ biləcəyini bildirmişdir. Sabit müəllim ona narahat olma, birinci gün gələrsən demişdir. Bu gün isə özü şəxsən Polis şöbəsinə getmiş və Polis şöbəsinin qarşısında Sabit müəllimlə görüşüb, Polis şöbəsinə daxil olmuşdur. Onun heç kimlə problemi olmamışdır. Həmçinin qeyd olunan maddə ilə özünü təqsirli bilmir. Bir dəfə də eyni maddə ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, onu Polis şöbəsindən məhkəməyə gətirmişlər. Hazırda da 150 manat cəriməsi vardır. O, heç bir polis əməkdaşına qarşı təhqir edici ifadə işlətməmişdir. Sadəcə olaraq Sabit müəllimdən Polis şöbəsinə getmək üçün 3 gün möhlət istəmiş, onların qanuni tələblərini pozmamışdır. Əgər ehtiyac olarsa telefon danışıqları da araşdırıla bilər. . Məhkəmə iclasında zalında şahid X8 izahat verərək bildirmişdir ki, 2023-cü ildə itkin düşən qadınla əlaqədar bu gün Şəxs Xaçmaz RPŞ-nə dəvət olunmuşdur. Həmin itkin düşən qadını sonuncu dəfə Şəxs taksi avtomobili ilə 5 nömrəli tam orta məktəbin yanında aparıb düşürmüşdür. Ondan sonra bu vaxta qədər həmin qadın yoxdur, tapılmamışdır. Həmin qadın gözdən əlildir. Bununla bağlı Şəxs Xaçmaz RPŞ-nə dəvət olunmuş və söhbətlər aparılmışdır. Söhbət zamanı şəxs özünü qeyri-səmimi aparmış, polis şöbəsinin inzibati binasında səs-küy salmışdır. Həmçinin Şəxs onlarla dava etməmiş, lakin özünü qeyri-səmimi aparmış, suallara düzgün cavab verməmiş, Polis Şöbəsində ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında zalında şahid X7 da eyni məzmunlu ifadə verərək X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə saat 09:50 radələrində X1 xx.xx.2023-cü il tarixdə itkin düşməsi, həmin vətəndaşın itkin düşməsində şübhəli bilinən xx.xx.1994-cü il təvəllüdlü Şəxs CAB-nın əməliyyat müvəkkilləri Səxavət Abasov və Nemət Xurşudovla birlikdə tərəflərindən Xaçmaz RPŞ-yə dəvət edilmiş, Şəxsla itkin düşən qadınla bağlı xidməti otaqda söhbət edən zaman həmin vaxt Şəxs özündən ixtiyarsız polis əməkdaşları ilə kobud danışaraq xidməti iş otağında özünü qeyri-səmimi aparıb iş fəaliyyətlərini kobud şəkildə pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq öz hərəkətlərinə davam etmiş və xidməti iş otağında söyüşlər söymüşdür. - “İnzibati qaydada tutma haqqında” 188 nömrəli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin ibnzibati binasında ictimai qaydaları pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 535.1-ci maddəsindəki inzibati xətanın subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Beləki, hazırkı iş üzrə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağı əməl inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarından, tərəfin və şahid ifadələrindən müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə tabesizlik göstərmədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 14 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar