Məhkəmə qərarları › İş №3(067)-685/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-685/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-685/2024 24.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cü ildə Xaçmaz rayonunun Mürşüd-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Mürşüd-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(067)-1454/2023 saylı qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bundan başqa Xaçmaz rayon məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(067)- 403/2024 saylı digər qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməməklə onun 2450 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 göstərdi ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, 2(067)-1454/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində, həmin məhkəmənin digər 09 fevral 2024-cü il tarixli, 2(067)-403/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi təmin edilməlidir. Məhkəmə qətnamələri üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs hazırda tələbkar X6 olan aliment borcu 2450 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli və 09 fevral 2024-cü il tarixli qətnamələrinə əsasən ondan azyaşlı uşaqları Nigar və Sonanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa 200 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, uşaqların saxlanılması üçün aliment ödəməkdən imtina etmir. İmkanı daxilində müəyyən məbləğlərdə aliment ödənişi etmişdir. Lakin son vaxtlar maddi çətinlikləri ilə əlaqədar vaxtlı-vaxtında aliment ödənişləri edə bilmədiyindən hazırki aliment borcu yaranmışdır. Tələbkara uşaqlardan birini saxlaması üçün ona verməsini təklif etsə də sonuncu bununla razılaşmamışdır. Hazırda isə cəmi 100 manat aliment ödəyə bilər və yaranmış aliment borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli və 09 fevral 2024-cü il tarixli qətnamələrinə əsasən keçmiş əri Şəxs azyaşlı uşaqları Nigar və Sonanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa 200 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində mütəmadi olaraq aliment ödəməkdən yayınmış, vaxtlı-vaxtında aliment ödənişləri etməmiş və onun hazırda 2450 manat aliment borcu vardır. Şəxs barəsində şikayətçidir və qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 24 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 24 may 2024-cü il tarixdən saat 12:35-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar