Məhkəmə qərarları › İş №3(067)-689/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-689/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-689/2024 24.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Şabran rayonunun Xırdaoymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 05 may 2024-cü il tarixdə istifadəsində olan mobul telefonundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng edərək xidmətin iş rejimini pozmaqla və xidmətdə olan əməkdaşların ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 göstərdi ki, Şəxs 05 may 2024-cü il tarixdə istifadəsində olan mobul telefonundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng edərək xidmətin iş rejimini pozmaqla və xidmətdə olan əməkdaşların ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, arvadı Ayşən Əliyevanın mobil telefonunda başqa kişilərlə yazışmasını aşkar edərək Xaçmaz rayon Polis Şöbəsinə onun barəsində şikayət edərək danışdığı şəxslərin müəyyən edilməsini xahiş etmişdir. Onun müraciətinə baxılması gecikdiyindən əsəbiləşib 05 may 2024-cü il tarixdə mobil telefonundan bir neçə dəfə 102 xidmətinə zəng edərək operatorla mübahisə etmiş və xidmətin əməkdaşlarını narahat etmişdir. Lakin nalayiq ifadələr işlətməmişdir. Hərəkətindən peşmandır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş 23 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, iş materiallarına əlavə edilmiş- Şəxs 102 xidmətinin operatoru ilə danışıqlarının qeydə alıdığı, məhkəmə iclasında dinlənilərək tədqiq edilmiş CD disk, eləcə də iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs nalayiq ifadələr işlətməməsi və bu kimi izahatında irəli sürdüyü digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 23 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 may 2024-cü il tarixdə saat 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, X2 həbsinin əvvəli 23 may 2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 23 may 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar