Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-691/2024 24.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 04 aprel 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Qalağan kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(067)-2461/2022 saylı icra sənədinə əsasən borclu Şəxs qalıq qalmış 2048 manat pulu tələbkar X3 ödəməlidir. Xaçmaz rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon 03 oktyabr 2022-ci il tarixli, 2(067)-2461/2022 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə ifadə verərək bildirdi ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 2023-cü ilin yanvar ayında daxil olmuşdur. Həmin icra sənədi üzrə Şəxs 3481 manat məbləğində pul və 55 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərəflərindən borcluya qərar və bildiriş göndərilmişdir. Borclunun iş yeri aşkar olunduğu üçün tərəflərindən borclunun əmək haqqına yönəldilmə barədə müraciət olunmuş və mütəmadi olaraq 5 ay müddətində hər ay 300 manat olmaqla maaşından tutulmalar olmuşdur. Sonradan işdən azad olunduğu üçün icra sənədi icra olmadan geri qaytarılmış və bununla bağlı tərəfimizdən Şəxs 2024-cü ilin fevral ayının 22-də icra şöbəsinə dəvət olunmuş izahatı alınmış və qalıq qalmış məbləğin ödənilməsi təklif olunmuşdur. Buna baxmayaraq həmin ödənişləri etməmişdir. Təkrarən yenidən 2024-cü ilin aprel ayının 26-da icra şöbəsinə dəvət olunub və borclunun izahatı alınmış, həmin tarixdə yenə qalıq qalmış borcun ödənilməsi təklif olunmuş, lakin borclu həmin puldan heç bir ödəniş etməmişdir. Həmçinin bu günləri icra şöbəsinə dəvət olunaraq izahatı alınıb və icra sənədi üzrə qalıq qalmış borcu tələbkarın xeyrinə ödəniş etməmişdir. Hal-hazırda ödənilməmiş borcu 2048 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, işlədiyi dövrlərdə borcunu müəyyən qədər etmiş, lakin sonradan işdən çıxdığı üçün qalan borcunu ödəyə bilməmişdir. O, Dövlət Sərhəd Xidmətində xüsusi təyinatlı çevik hərəkət qüvvələrində işləmiş, döyüşlərdə iştirak etdiyinə görə cənab prezident tərəfindən hərbi xidmətdə fərqlənməsi ilə bağlı medalla təltif olunmuşdur. Həmin borcu ödəməkdən yayınmır, hazırda sənədlərinin Dövlət Sərhəd Xidmətində olduğunu və yenidən həmin xidmətdə işini davam etdirəciyini və qalan borcunu da ödəyəcəyini bildirərək barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 24 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-691/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-691/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver