Məhkəmə qərarları › İş №3(067)-693/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-693/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-693/2024 27.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibiİsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 X16 yol nəqliyyat hadisələri baş inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1959-cu ildə Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Maqsudkənd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs 17 aprel 2024-cü il tarixdə saat 11:00 radələrində sürücülük hüququ olmadan Xudat şəhəri, Osman Mirzəyev küçəsində oğluna məxsus olan etibarnaməsiz idarə etdiyi «VAZ-2109 MİNİK» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yalama kəndi istiqamətindən Nabran dairəsi istiqamətində hərəkətdə olan X1 idarə etdiyi «İSUZU URBAN» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobus ilə toqquşmuş, bundan başqa yol nəqliyyat hadisəsi zamanı İlqar İskəndərovun idarə etdiyi avtobus yolun kənarında dayanmış vəziyyətdə olan «VAZ-21099» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomabilə arxa hissədən toxunması nəticəsində həmin avtomobilin sahibinə də maddi zərər vurmuşdur. Məhkəmə iclasında Xaçmaz rayon X11 X16 yol nəqliyyat hadisələri baş inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 17 aprel 2024-cü il tarixdə saat 09:00 radələrində oğlu Mehdiyev Yasin məxsus olan idarə etdiyi «Vaz-2109» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat-Yalama yolunun Nabran dairəsi yaxınlığında hərəkətdə olan zaman yolun bir tərəfindən digər tərəfinə avtomobil ilə keçmək istəyən zaman Yalama kəndi istiqamətindən gələn X1 idarə etdiyi “İsuzu Urban” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma olmuş və nəticədə avtomobilin ön tərəfi, Şəxs idarə etdiyi avtomobilin isə yan tərəfi əzilmiş, yolun kənarına dayanmış vəziyyətdə olan X4 məxsus “VAZ-21099” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilə isə zərər dəymişdir. Şəxs hadisə zamanı xəsarət almış, digər avtomobildə olanlar isə xəsarət almamışdır. Şəxs sürücülük vəsiqəsi olmadan, etibarnaməsi olmadan avtomobili idarə etmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 17 aprel 2024-cü il tarixdə saat 09:00 radələrində idarə etdiyi «Vaz-2109» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlum Yasin Mehdiyevə məxsusdur. Baş vermiş yol nəqliyyat hadisəsində özümü təqsirli bilmir. Arxa istiqamətdən gələn avtombilin sürücüsü təqsirlidir. Onun təqsiri sadəcə avtomobili sürücülük vəsiqəsi və etbarənaməsi olmadan idarə etməsidir. O, Xudat-Yalama yolunda yerləşən avtotəmir sexlərinə oğlunun işi olduğuna görə onun avtomobilini idarə edərək, təmir sexinə qədər olan 5 metr məsafəni idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X6 izahatında göstərmişdir ki, sürücü Şəxs Vaz-2109» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X5 məxsus avtomobili ilə yolun kənarından hərəkətə başlayıb yolu perpendikulyar keçərək avtotəmir sexlərinin qarşısına keçmək istəyən zaman Yalama kəndi istiqamətindən Nabran dairəsi istiqamətinə hərəkətdə olan X1 idarə etdiyi “İsuzu Urban” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman yolun kənarında dayanan avtomobilə də ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün qismən etirafı, tərtib olunmuş inzibati xəta haqqında 28 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 “cinayət işinin başlanmasının rədd edilməsi” barədə 27 aprel 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs Xudat şəhəri, Osman Mirzəyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarət üzrə X13 araşdırma üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.1-ci maddələrinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Xaçmaz RPŞ-nin DYP bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədil məsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-ol mamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar