Məhkəmə qərarları › İş №3(067)-694/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-694/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-694/2025 21.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə, saat 04:30 radələrində Xaçmaz RPŞ-nin inzibati binasında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, aprel ayının 19-dan 20-nə keçən gecə Xaçmaz RPŞ-nin əməliyyat qrupunda xidmətdə olan zaman saat 04:55-radələrində Xaçmaz şəhəri, Ç.Abdullayev küçəsi 14 ünvanında qeydiyyatda olan vətəndaş DİN-nin “102” xidmətinə zəng edərək yaşadığı evdə qardaşı ilə aralarında münaqişə olması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana getmişlər. Həmin ünvanda olarkən onlar Şəxs şikayət etdiyi şəxs, yəni qardaşının yatdığını müəyyən etmişlər. Şikayət olunan münaqişə barədə soruşduqda şəxsin anası çölə çıxaraq Şəxs yalan məlumat verdiyini, münaqişənin əsl səbəbkarının Şəxs olduğunu bildirmişdir. Bu zaman Şəxs anasına əsəbiləşmiş, əl-qol hərəkətləri etməyə başlamışdır. Onlar şəxsin sərxoş vəziyyətdə olduğunu müşahidə etdikdə Şəxs Polis şöbəsinə aparmışlar. Şəxs Polis şöbəsində “məni niyə bura gətirmisiniz, mən özüm şikayət etmişəm” deyərək səsküy salmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. Hadisənin şahidləri də vardır. Şəxsin sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün PPX-nın əməkdaşlarını dəvət etmişlər ki, Şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparsınlar. Bu zaman Şəxs polisin xidməti avtomobilinin dəmir barmaqlıqlarına başını vuraraq özü-özünə xəsarət yetirməyə başlamış, nalayiq ifadələr işlətmişdir. Başındakı izlər dəmir barmaqlığın yetirdiyi xəsarət izləridir. Bununla bağlı videogörüntülər də vardır. Bu zaman şəxsin barəsində raport tərtib edilərək İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs avtomobilin qapısı açılıb başına dəydiyini bildirmişdir. Lakin belə olsa idi başında deyil, alın nahiyəsində, üzündə xəsarət izləri olardı. Şəxs polisin xidməti avtomoblinə əyləşmək istəməmiş. müqavimət göstərmişdir. Həmin vaxt özü-özünə xəsarət yetirmişdir. Belə ki, şəxsin hərəkətlərini işgüzar nüfuza xələl gətirilməsi kimi qiymətlənirir. Şəxs şəxsən onun ünvanına da nalayiq ifadələr işlətmişdir. Növbətçi hissənin qarşısında olan video-kamera görünütülərində əksini tapmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində ciddi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, qeyd olunan maddə ilə özünü təqsirli bilmir. Belə ki, o, qardaşının spirtli içki qəbul etdiyi və əsəbi olduğu üçün özünü ondan müdafiə etmək niyyəti ilə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gedib onu Polis şöbəsinə aparmışlar. O, yaşadığı ünvanda polisə qarşı heç bir nalayiq ifadə işlətməmiş, söyüş söyməmişdir. Qeyd olunanlar hamısı ona qarşı böhtandır. PŞ-da özünün şikayətçi olduğunu bildirməsinə baxmayaraq, onu müvəqqəti saxlama yerinə aparmışlar. O başındakı xəsarətin avtomobilin qapısı açılarkən dəydiyindən törəndiyini, polis əməkdaşları tərəfindən yetirilmədiyini bildirmişdir. Gözünün altında olan dəri rənginin dəyişikliyini isə böyrək xəstəliyinin səbəbi kimi göstərmişdir. Həmçinin sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün isə müayinədən keçməmişdir. Tibbi müayinə sənədini polis əməkdaşı özü yazmışdır. Həmin vaxt o içkili vəziyyətdə olmamışdır. O, ailəli olmuş, boşanmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında ilkin olaraq polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilmədiyini qeyd etməsinə baxmayaraq, məhkəmə iclasının gedişində, şahid X4 ifadə verdiyi zaman Şəxs Mövsümbəy Mirzəyev tərəfindən sonuncunun onu Xaçmaz RPŞ-nin inzibati binasında müşahidə kamerasının çəkmədiyi hissəsində, ayaqyolunda onu vuraraq fiziki təzyiq göstərdiyini bildirmişdir. Bundan başqa o X1 ilə onu vurub fiziki şiddət göstərildiyini və daha sonra digər polis əməkdaşının da onu vurmasından sonra əsəbiləşərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmçinin polis əməkdaşları onu döydüyü anı qəsdən videogörüntüyə almamışlar. Polislərin özlərini müdafiə etmək üçün yalnız onun nalayiq ifadələr işlətdiyi anı görüntüyə aldıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, Şəxs gecə saat 03-04 radələrində “102” xidmətinə zəng etmiş, telefon danışı zamanı o özünü təqdim etdikdən sonra Şəxs sərxoş vəziyyətdə ona “özünü düzgün təqdim et” sözlərini demişdir. O, təkrar özünü təqdim etmiş, bu zaman Şəxs dəstəyi asmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 dəfə mütəmadi olaraq “102” xidmətinə eyni qaydada zəng etmişdir. Təkrar zənglərdən sonra həmin ünvana PPX-nin əməkdaşları göndərilmişdir. Şəxs Polis şöbəsinə apardıqlarında sərxoş vəziyyətdə olması hiss olunmuşdur. PPX-nin əməkdaşlarını dəvət edərək şəxsin sərxoşluğunun müəyyən olunması üçün akt tərtib edilmiş, həkimə göndərilən zaman Ramin Abullayev nalayiq ifadələr işlətməyə başlamışdır. Videogörüntülərdə də bu öz əksini tapır. Onlar Şəxs nizam-intizama dəvət etmişlər. Sərxoşluğunun müayinə edilməsi üçün həkimə göndəriləndə şəxs PPX-nin xidməti avtomobilinin dəmir barmaqlıqlarına başını vuraraq, onların ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Şəxs barəsində sərxoşluğunun müayinə edilməsi aktı tərtib olunaraq yenidən PŞ-ya gətirildiyində artıq sakitləşmişdir. Axşam saatlarında Şəxs yenə də nalayiq ifadələr işlədir, qeyri-adekvat hərəkətləri davam etmişdir. Şəxs anası da bildirmişdir ki, şəxs içki aludəçisidir, müalicə olunmalıdır. Şəxs həqiqətən də polisin qanuni tələblərinə tabe olmamış, nalayiq ifadələr işlədərək polisin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə gecə saatlarında xidmətdə olarkən Şəxs Hafiz oğlu sərxoş vəziyyətdə tərəflərindən PŞ-ya aparılmışdır. Şəxs həmin vaxt polisin ünvanına nalayiq ifadələr işlətmiş, onların barəsində prokurorluğa şikayət edəcəyini bildirərək hədələmişdir. Növbətçi hissənin göstərişinə əsasən onun sərxoşluğunun müəyyən edilməsi üçün həkimə aparılan zaman başını xidməti avtomobilin dəmir barmaqlığına vuraraq özünə xəsarət yetirmişdir. Bundan sonra Şəxs “niyə mənim başıma xəsarət yetirdiniz” deyərək onlara böhtan atmışdır. Sonradan onlar Şəxs sərxoşluğunun müəyyən olunması üçün xəstəxanaya aparmışlar. Orada tibbi yardım göstərilmiş və sərxoşluq müayinəsindən keçirilmişdir. Daha sonra yenidən Polis şöbəsinə aparıldıqda nalayiq ifadələr işlətməyə, söyüş söyməyə davam etmişdir. Həmin an tərəflərindən videogörüntüyə alınmışdır. Şəxs məhkəmə iclasında verdiyi ifadəsi yalandır. Belə ki, o, Şəxs döyməmişdir. Şəxs gözünün altında olan xəsarət izinin necə yarandığını isə bilmir. Bəlkə də sərxoş vəziyyətdə olduğu zaman yıxılmış, xəsarət izi də bu zaman yaranmışdır. Polis Şöbəsinin inzibati binasının hər tərəfində müşahidə kameraları varıdr, vətəndaşa qarşı hər hansı zorakılıq, fiziki təzyiq olmamışdır. Məhkəmə iclasında təqdim Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X2 təqdim etdiyi mobil telefon vasitəsilə videogörüntüyə baxış keçirilmiş, videogörüntülərdə Şəxs nalayiq ifadələr işlətməsi akşar olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, Şəxs 20 aprel 2025-ci il tarixdə, saat 04:55-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə münaqişə barədə verdiyi məlumat əsasında əməliyyat qrupunun üzvləri onun olduğu ünvan üzrə Xaçmaz şəhəri, Ç.Abdullayev küçəsi ev 14 ünvanına yaxınlaşmışdır. Həmin zaman Şəxs sərxoş vəziyyətdə əməliyyat qrupunun üzvlərinə əmr və göstərişlər verərək, “102” xidmətinə verdiyi məlumatının izahını edə bilməmişdir. Daha sonra o, RPŞ-yə dəvət edilərək Xaçmaz RPŞ-nə gətirilərkən, inzibati binanın daxilində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməklə Növbətçi hissənin və əməliyyat qrupu üzvlərinin iş rejimini kobudcasına pozmuşdur. Onu nizam-intizama dəvət etmələrinə baxmayaraq törətdiyi əməlindən əl çəkməmişdir. - xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi 36 №-li “Aktı”dan müəyyən edilir ki, Şəxs alkoqol sərxoşluq “orta dərəcə sərxoşluq” vəziyyəti müəyyən edilir. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən xx.xx.2025ci il tarixdə, saat 05:30-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli Şəxs Xaçmaz RPŞ-də verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə. Saat 22 radələrində işdən evə gəlib yaşadığı evdən şam yeməyi yeyib spirtli içki araq içmişdir. Sonra qardaşı Tusi evə sərxoş vəziyyətdə gəlmişdir. xx.xx.2025-ci il tarixdə, gecə saat 03 radələrində qardaşı Tusi ilə aralarında sözlə mübahisə baş vermiş, bundan sonra DİN-nin 102 xitmətinə zəng edib yaşadığı ünvana polis çağırmışdır. Polislər yaşadığı ünvana gəldikdə qardaşı yatmış vəziyyətdə olmuşdur. Həmin vaxt anası polis əməkdaşlarına “evdə mübahisəni Ramin yaradır” sözlərini demişdir. Buna görə polis əməkdaşları onu polis şöbəsinə gətirdikləri üçün polis şöbəsində əsəbləşib polis əməkdaşları ilə mübahisə etmiş və başını xidməti avtomaşının qapısına vurub xəsarət yetirmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:30 radələrində Xaçmaz RPŞ-nin inzibati binasında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xətanı sərxoş vəziyyətdə törətməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 31 avqust 1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 aprel 2025-ci il tarixdən, saat 05:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar