Məhkəmə qərarları › İş №3(067)-700/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-700/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-700/2024 10.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz st. XPŞ-nin Yalama st. X2 nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz st. XPŞ-nin Yalama st. X1 məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi üzrə toplanmış material daxil olmuşdur. (İnzibati xəta haqqında protokol MN №2018478) Materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xudat-Ləcət mənzilinin 178-ci kilometrində “KOLİN” şirkətinə məxsus texnikaları mühafizə etməli olan “Qartal” mühafizə xidmətinin mühafizəçisi Xaçmaz rayon sakini Şəxs xidmətdə olan zaman icazəsiz “KOLİN” şirkətinə məxsus verdənə texnikasını istifadə edərək şüşələrini sındırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Yalama st. XPB-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xudat-Ləcət mənzilinin 178-ci kilometrində “KOLİN” şirkətinə məxsus texnikaları mühafizə etməli olan “Qartal” mühafizə xidmətinin mühafizəçisi Xaçmaz rayon sakini Şəxs xidmətdə olan zaman icazəsiz “KOLİN” şirkətinə məxsus verdənə texnikasını istifadə edərək şüşələrini sındırmışdır. İş materiallarında “Kolin” şirkəti tərəfindən təqdim edilmiş məktub var və həmin məktuba əsasən onlara 800 manat mbıəğində zərər dəymişdir. Amma hesab edir ki, bu məbləğ şişirdilib və sındırılmış şüşənin qiyməti 800 manat ola bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, hazırda heç bir yerdə işləmir. Hadisə baş verən zaman “Qartal” mühafizə şirkətində mühafizəçi işləyirdi və “Kolin” şirkətinin texnikalarını mühafizəsini aparırdı. 13 may 2024-cü il tarixdə işə gəlib, növbəni təhvil aldıqdan sonra, işinə başlamışdır. “Kolin” şirkətinin bir neçə texnikası ard-arda düzüldüyündən, sonuncu texnika onun xidmət apardığı yerdən ərazinin görüntüsünü məhdudlaşdırmışdır. Bunun üçün o qərara gəlmişdir ki, texnikanın yerini dəyişsin. Açarlar texnikanın üstündə olduğundan, o, müəhərriki işə salmış və texnikanı yerindən tərpədib yerini dəyişmək istəyərkən, yer yaş olduğundan texnika üzərində idaetməni itirmiş və nəticədə texnikanın şüşəsi ağaca dəyərək sınmışdır. Şirkət tərəfindən ona texnikanın idarə edilməsi icazəsi verilməmişdir və o, texnikanı işə salıb yerindən tərpətməmişdən öncə heç kəsdən bu barədə icazə almamışdır. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsinin tərkib əlaməti olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsində isə göstərilir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs izahatından və iş materiallarından müəyyən olunur ki, o, “Kolin” şirkətinə məxsus texnikanın şüşəsini məhv etməsi və ya zədələməsi qəsdən baş verməmişdir. Belə ki, Şəxs mühafizə etdiyi ərazinin görüntüsünü təmin etmək məqsədi ilə texnikanı işə salaraq yerindən tərpətmişdir. Lakin yerin yaş olması səbəbindən texnika üzərində idarə etməni itirmiş və nəticədə texnikanın şüşəsi ağaca dəyərək sınmışdır. Bu hadisənin araşdırması zamanı Şəxs etirafedici ifadəsindən başqa, təqsirli olmasını sübut edən başqa bir sübut aşkar edilməmişdir. Yəni Şəxs texnikanın şüşəsinin qəsdən sındırılması iş materialları il sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsinin dispozisiyasının mənasına görə inzibati xətanın baş verməsi yalnız əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi nəticəsində əmələ gəlmiş olur. Həmin Məcəllənin 13 maddəsində “qəsd”lə törədilmiş xətalar zamanı inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Hazırki əməldə isə Şəxs belə bir niyyətin olması sübuta yetirilməmişdr, əksinə iş materialları ilə sübuta yetirilir ki, Şəxs texnikanın şüşəsini ehtiyatsızlıqdan sındırmışdır. Ona görə ki, o, icazəsi olmadan texnikanı işə salıb yerini dəyişmək istəyərkən yerin yaş olmasını, onun bu cür texnikanı idarə etmək üçün kifayət qədər təcrübəsinin olmamasını nəzərə alıb, bu hallara lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda bunları görməmiş və nəticədə texnikanın şüşəsi sınmışdır. Belə olan halda, Şəxs əməlində qəsdin əlamətləri müəyyən edilmədiyindən, Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsinin tərkibinin olması da istisna olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda müvafiq qərar qəbul edilir. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 53, 114-cü maddələrinə əsasən məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar