Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-717/2024 21.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Xaçmaz rayon X3 X4 inzibati xəta haqqında 24 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon X3 X4 inzibati xəta haqqında 24 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 24 may 2024-cü il tarixdə saat 07:37 radələrində onun idarə etdiyi **-CU-*** nömrə nişanlı avtomobili Xaçmaz-Quba yolunun 1ci kilometrliyində **-YP-*** nömrə nişanlı yol polisi saxlayaraq avtomobilində arxa sol tərəf işığın yanmadığını bildirmişdir. O, həmin qərqarla razı deyil və hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, həmin an o əlini işığa vurmuş, bu zaman işıq yanmışdır və o, nasazlığı yerindəcə aradan qaldırmışdır. Buna baxmayaraq yol polisi 24 may 2024cü il tarixli, TP seriyalı ******* nömrəli qərar yazaraq, onu 50 manat cərimə etmişdir. O, bu zaman ona cərimə düşmədiyini və şikayət edəcəyini bildirsə də polis onu təhqir etmişdir. Ona görə də bu məsələnin araşdırılmasını istəyir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verməklə Xaçmaz rayon X3 X4 inzibati xəta haqqında 24 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Xaçmaz rayon X3 X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X3 X4 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-in 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə olunmasına dair Xaçmaz rayon X3 X4 24 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X3 X4 24 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. X1 məhkəməyə təqdim etdiyi videogörüntüdən müəyyən olunur ki, X2 polis əməkdaşı tərəfindən işıq sistemindəki nasazlıqla bağlı yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılan zaman avtomaşının arxa sol tərəf işığına əli lə müdaxilə edərək yandırmış, lakin buna baxmayaraq polis əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X3 X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı və həmin qərarın çıxarılmasının əsasını təşkil edən sənəd və sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X3 X6 inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 342.5-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində başlanmış icraata xitam verilməli və Xaçmaz rayon X3 X4 inzibati xəta haqqında 24 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Xaçmaz rayon X3 X4 inzibati xəta haqqında 24 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-717/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-717/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver