Məhkəmə qərarları › İş №3(067)-721/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-721/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-721/2025 24.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Xaçmaz rayonu, Sibiroba kənd ərazisində 100 manat dəyərində 2 ədəd qazanı oğurlamaqla xırda talama əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə barəsində Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zalında Xaçmaz RPŞ-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, Xaçmaz RPŞ-yə daxil olmuş məlumata əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərti edilmişdir. Şəxs barəsində əvvəllər də eyni hallarla inzibati məsuliyyətə cəlb edilmiş, spirtli içkiyə meyilli şəxsdir. Şəxs zərərçəkmiş şəxsin evindən qazan oğurlamış və törətdiyi əməli etiraf etmişdir. Təhqiqatçının qərarında bu öz əksini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki,o zərərçəkmiş şəxsin evinə bir dəfə 10 gün əvvəl sərxoş vəziyyətdə qanunsuz olaraq daxil olmuş, nə üçün daxil olduğunu isə dərk edə bilməmişdir. Həmin vaxt zərərçəkmiş şəxsin atası onu evin həyətində görmüşdür. Lakin o, həmin evdən hər hansı bir əşya oğurlamamışdır. Hadisə günü onu tutandan sonra PŞ-ya aparmışlar və bir gün orada qalmışdır. Həmin gün axşam zərərçəkmiş şəxsin atası PŞ-ya gedərək evdən heçnəyin oğurlanmadığını və barəsində şikayətinin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu buraxmışlar. Lakin dünən günorta saatlarında polis əməkdaşları o evdə olarkən onu PŞ-ya aparmışlar. O, ikinci dəfə isə qanunsuz olaraq həmin evə daxil olmamışdır. Həmçinin PŞ-da izahatı o yazmamışdır. Çünki o yazı yaza bilmir. Məhkəmə iclasında zalında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki,hadisə onun qonaq getdiyi evdə baş vermişdir. Babasıgil Şəxs oğurluq edən zaman yaxalamışlar. O, polisə zəng edib bu barədə məlumat vermiş, polis əməkdaşları Şəxs gəlib aparmışlar. Lakin o, Şəxs birinci dəfə evə daxil olub oğurluq edən zaman görməmişdir. Onlar həyətdəki əşyalardan iki ədəd qazanın olmadığını görümüşlər, bu o deməkdir ki, həmin şəxs bundan əvvəl də həyətə daxil olub qazanları oğurlamışdır. Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, Xaçmaz rayonu, Sibiroba kəndində yaşayan Zərərçəkmiş şəxs 12 aprel 2025-ci il tarixdə, Xaçmaz RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə babasına məxsus olan yaşayış evindən naməlum şəxs və ya şəxslərin 02 ədəd qazan oğurladıqlarını bildirmişdir. Aparılmış araşdırmalar nəticəsində hadisəni törətmiş şəxsin əməlində cinayət tərkibi müəyyən edilməmiş, bu səbəbdən də müraciət əsasında aparılmış yoxlamanın nəticələri üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin Zərərçəkmiş şəxs qarşı oğurluq etmiş naməlum şəxsin (şəxslərin) əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi əlamətlərinin olması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Zərərçəkmiş şəxs qarşı oğuluq faktı törətmiş şəxsin (şəxslərin) əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsinin tərkibi əlamətləri olduğundan barəsində qəbul edilmiş qərarın surəti həmin şəxsin müəyyən edilərək barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Xaçmaz RPŞ-nin İTB-ya göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardaddan müəyyən edilir ki, naməlum şəxs və ya şəxslər barəsində Azərbaycan Respubikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Xaçmaz rayonu, Sibiroba kənd ərazisində 100 manat dəyərində 2 ədəd qazanı oğurlamaqla xırda talama əməlini törətmişdir. - “İnzibati qaydada tutma haqqında” 214 nömrəli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “İzahat” verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gündüz saatlarında kənd ərazisində bağda işləyib, kənddə yerləşən kafelərin birində nahar edib araq içmişdir. Həmin gün təxminən saat 23 radələrində həmkəndlisi Cavidin ailəsinin evdə olmadığını düşünmüş və onların evinin həyətində olan yardımçı tikiliyə daxil olub və iki ədəd aliminyum materialdan olan qazanlar olduğunu görmüş və həmin qazanları oğurlayaraq evdən çıxmışdır. Qazanları kənd ərazisində görünməyən yerdə gizlətmiş və bir gün sonra həmin qazanları Xudat şəhər ərazisində metal qəbulu məntəqəsində 20 manata satmışdır. O, həmin pulu öz tələbatı üçün xərcləmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında kənd ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb Xaçmaz RPŞ-nə aparmışlar. O, PŞ-da həmkəndlisi Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən oğurluq etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsininəmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Məhkmə ilk olaraq qeyd edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda və “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 2 ədəd qazan oğurladığı qeyd olunsa da, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həyətə daxil olduqda onu həmin evin sakinləri yaxalamış və bu barədə polisə məlumat vermişdir. Bu isə onu göstərir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xırda talama əməlini həyata keçirə bilməmişdir. Belə olan halda hansı 2 ədəd qazanın oğurlanmasından söhbət getdiyi müəyyən edilmir. Görünür ki, hüquq mühafizə orqanı yalnız zərəçəkmiş şəxsin ifadəsinə əsaslanmış, digər hər hansı sübut olmadan 2 ədəd qazanın oğurlanmasını əsas gətirərək, təqsirsizlik prezumpsiyasına əməl etməməklə İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Lakin hazırki iş üzrə protokol tərtib etmiş orqan oğurlandığı qeyd olunan 2 ədəd qazanın qiymətini müəyyən etmədən inzibati işi məhkəməyə vermiş, bununla da xırda talama əməlisübut yetiriləcəyi haldaşəxsi ziyanı ödəmək imkanından məhrum etmişdir. Bundan əlavə, prtokol tərtib etmiş orqan İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərini də kobud şəkildə pozmuş, zərəçəkmiş şəxsi dəqiq müəyyən etməmiş, bu barədə protokolda müvafiq qeyd aparmamış və zərərçəkmiş şəxsin izahatını almamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsindəki inzibati xətanın subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Belə ki, hazırkı iş üzrə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarından, tərəflərin ifadələrindən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xırda talama, yəni oğurluq əməli sübuta yetirilmədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində AzərbaycanRespublikası İXM-nin 227-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkaredilmədiyindən barəsindəXaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 23 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar