Məhkəmə qərarları › İş №3(067)-724/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-724/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-724/2025 25.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş icra vərəqələri üzrə cəmi 3528,9 manat məbləğdə borcu ödəməyərək icra məmurnun qanuni tələbini Xaçmaz rayon İcra və Probasiya Şöbəsində yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 830 manat məbləğində pulu tələbkar X3 xeyrinə ödəməlidir. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu barəsində digər icra sənədi də vardır. Belə ki, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2698.50 manat məbləğində pulu tələbkar X2 ödəməlidir. Qeyd olunan icra sənədləri üzrə bu günədək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclu barəsində axtarış elan olunmuş və bu gün polis əməkdaşları tərəfindən İcra və probasiya şöbəsinə aparılmışdır. Həmçinin borclunun adında hər hansı bir əmlakı yoxdur. Ölkədən getmək hüquqi isə məhdudlaşdırılmamışdır. O, borclu barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan maddə ilə özünü təqsirli bilir, əlilliyi isə yoxdur. Borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Hal-hazırda 5 ay müddətdir ki, işləyir, 500 manat əmək haqqı əldə edir. 7 yaşlı uşağı var və ailəsinə isə tək o baxır. Borcundan hər ay 100 manat məbləğində olmaqla hissə-hissə ödəniş edə bilər. Bu barədə zərərçəkmiş şəxsə təklif etmiş, lakin zərərçəkmiş şəxs hissə-hissə ödənişlə razılaşmamış, borcunu birdəfəlik ödənilməsini istəyir. O, hazırda borcundan ödəniş edə bilmir. O, bir həftəyə borcundan 500 manat məbləğində pul ödəniş edəcəyini və barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, Şəxs üçün zamin olmuşdur, kreditini isə o ödəmişdir. Şəxs ona 2700 manat borcu olmuş, lakin 700 manat pulu xeyli müddət əvvəl ödəmiş, hazırda 2000 manat borcu qalmışdır. Şəxs borcunu ödəməzsə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 25 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin e-2(067)-2201/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 800 manat pul, ödənilmiş 30.40 manat dövlət rüsumu alınaraq iddiaçı X5 ödənilməlidir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən e-2(067)-2201/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 2(067)-2596/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 2467.85 manat məbləğində pul vəsaiti, 181 manat icra ödənişi və rüsumun əvəzi olaraq 50 manat pul alınaraq iddiaçı X2 ödənilməlidir. - xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən 2(067)-2596/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağının olmasını və maddi vəziyyərinin aşağı olmasını, həmçinin borcundan müəyyən ödənişlər etməsini barəsində məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, barəsində məsuliyyətini yüngülləşdirən halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar