Məhkəmə qərarları › İş №3(067)-727/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-727/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-727/2024 04.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-405/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 1440 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(067)-405/2024 saylı icra vərəqəsinə əsasən iki uşağının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 27 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay hər cəmi 260 manat aliment ödəməldir. Qeyd olunan icra sənədi onun icraatına 29 yanvar 2024-cü il tarixdə daxil olmuşdur. Həmin icra sənədi üzrə borcluya bildiriş göndərilmiş və izahatı alınmışdır. Bu günədək tələbkarın xeyrinə 380 manat aliment pulu ödəmiş və hal-hazırda 1440 manat aliment borcu vardır. Qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə 380 manatdan əlavə 260 manat da əlbəəl ödəniş etmişdir. O, etdiyi əməldən səmimi peşmanlığını bildirmiş, 10 gün ərzində 300 manat ödəniş edəcəyini qeyd etmişdir. Yenicə dünyasını dəyişmiş anasının yas mərasimində iştirak etmək üçün Azərbaycana gəldikdə tutulduğunu və Xaçmaz rayonuna gətirildiyini, yas mərasimində iştirak edə bilməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 04 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, mülki iş üzrə qətnamə çıxarılanadək cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün müvəqqəti olaraq hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat miqdarında aliment alınaraq X4 verilsin. -xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borclunun izahatlarından müəyyən olunur ki, 380 manat aliment ödənişi etmiş, lakin 1440 manat aliment borcu qalmışdır. -xx.xx.2024-cü il tarixli Xaçmaz RPŞ-nin məktubundan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, e26708/2024-26-3-003 nömrəli axtarış qərarına cavab olaraq bildirilmişdir ki, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan xx.xx.1980-cı il təvəllüdlü Şəxs barəsində Xaçmaz RPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə 780696/24 nömrəli axtarış elan edilmişdir. -İcra işinə əlavə olunan Elektron icra İnformasiya sistemindən çıxarışdan görünür ki, borclunun adında hər hansı əmlakı yoxdur. -xx.xx.2024-cü il tarixli tələbkarın ərizəsindən müəyyən edilir ki, borclu Şəxs bu günədək ona 380 manat aliment ödəmiş və hal-hazırda onun hər iki icra vərəqəsi üzrə 2420 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs qanuni qüvvəsini almış məhkəmə qərarında göstərilmiş tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1980-cı ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar