Məhkəmə qərarları › İş №3(067)-731/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-731/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-731/2021 30.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Xaçmaz rayonunun Mursalı-Qışlaq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu Qobu-qıraq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-949/219 saylı 14.03.2019-cu il tarixli icra vərəqəsinə əsasən 23.12.2013-cü il təvəllüdlü X1 və 04.07.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19 fevral 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər bir uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs aliment borcu cəmi 1950 (bir min doqquz yüz əlli) manat təşkil edir. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borclu son dəfə iyul, iyun, may və mart aylarında aliment ödəmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Müntəzəm olaraq ödənişlər edir. Sonuncu ödənişləri iyul, iyun, may, mart aylarında odəmişdir və imkanı olduqca borcu tam ödəməyə çalışacaq. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tələbkara ödəməli olduğu aliment pulundan 22 iyul 2021-ci ildə 40 manat, 17 iyul 2021-ci ildə 100 manat, 05 iyul 2021-ci ildə 100 manat, 26 iyul 2021-ci ildə 20 manat, 10 iyun 2021-ci ildə 100 manat, 26 may 2021-ci ildə 60 manat, 19 may 2021-ci ildə 60 manat, 10 may 2021-ci ildə 50 manat, 04 may 2021-ci ildə 50 manat, 12 mart 2021-ci ildə 200 manat pul ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi Şəxs müntəzəm olaraq ödənişlər etmişdir. Onun məhkəmə qətnaməsini icra etməkdən yayınmamasını, borcu ödəməməsini maddi imkanı ilə bağlı olmasını nəzərə alaraq barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1981-ci ildə Xaçmaz rayonunun Mursalı-Qışlaq kəndində anadan olmuş, Xaçmaz rayonu Qobu-qıraq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar