Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-737/2024 17.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 15 iyun 2024-cü il tarixdə saat 19:30 radələrində Xudat-Nabran yolunda yerləşən “Batabat” istirahət mərkəzinin yaxınlığında idarə etdiyi “Vaz 2107” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşələrində qanunsuz olaraq quraşdırılmış pərdələrin olması səbəbindən ərazidə xidmətdə olan Baş X12 İdarəsinin Yol-Patrul Xidmətinin İİ tağımının əməkdaşları tərəfindən saxlanılaraq törətdiyi inzibati xətanın mahiyyəti ona izah edilərək avtomobilin sənədləri və sürücülük vəsiqəsini təqdim etməsi təklif edilərkən mübahisə edib sənəd təqdim etməkdən imtina etmiş, dəfələrlə nizamintizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Şəxs 15 iyun 2024-cü il tarixdə saat 19:30 radələrində Xudat-Nabran yolunda yerləşən “Batabat” istirahət mərkəzinin yaxınlığında idarə etdiyi “Vaz 2107” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşələrində qanunsuz olaraq quraşdırılmış pərdələrin olması səbəbindən ərazidə xidmətdə olan Baş X12 İdarəsinin Yol-Patrul Xidmətinin İİ tağımının əməkdaşları tərəfindən saxlanılaraq törətdiyi inzibati xətanın mahiyyəti ona izah edilərək avtomobilin sənədləri və sürücülük vəsiqəsini təqdim etməsi təklif edilərkən mübahisə edib sənəd təqdim etməkdən imtina etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 15 iyun 2024-cü il tarixdə saat 19:30 radələrində Xudat-Nabran yolunda yerləşən “Batabat” istirahət mərkəzinin yaxınlığında idarə etdiyi “Vaz 2107” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ərazidə xidmətdə olan Baş X12 İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, Yol-Patrul Xidmətinin əməkdaşları ona avtomobilin arxa şüşələrində qanunsuz olaraq quraşdırılmış pərdələrin olması səbəbindən inzibati məsuliyyətə cəlb olunacağını bildirməklə sənədləri təqdim etməsini təklif etmişlər. Lakin onun üstündə sənədlər olmadığından əməkdaşlara sənədlərinin evdə qaldığını bildirmişdir. Yol-Patrul Xidmətinin əməkdaşları Elektron məlumat bazası vasitəsilə apardıqları yoxlama zamanı onun sürücülük hüququnun məhdudlaşdırıldığını, buna baxmayaraq nəqliyyat idarə etdiyini bildirmişlər. O, Yol-Patrul Xidməti əməkdaşlarına törətdiyi xətaya görə barəsində cərimə yazmalarını bildirmiş, bir qədər sonra oraya Post-patrul xidməti əməkdaşları gələrək onu Polis Şöbəsinə aparmışlar. Lakin o, Yol-Patrul Xidməti, yaxud digər polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Məhkəmədə şahid qismində izahat verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının İİ tağımının baş inspektoru X6 göstərdi ki, 15 iyun 2024-cü il tarixdə saat 19:30-da Xaçmaz rayonu, Xudat- Nabran yolunda yerləşən “Batabat” istirahət mərkəzinin yaxınlığında **-YP-*** dövlət qeydiyyat nömrəli avtopatrulda xidmətdə olarkən “VAZ 2107” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşələrində qanunsuz olaraq quraşdırılmış pərdələrin olması səbəbindən həmin avtomobilin sürücüsünə onunla birgə xidmətdə olan polis baş serjantı X7 tərəfindən saxla əmri verilmişdir. Sürücü, sonradan şəxsiyyəti onlara məluma olan Şəxs avtomobili saxladıqdan sonra onlar həmin avtomobilin sürücüsünə yaxınlaşıb, özlərini təqdim etməklə, onun törətdiyi inzibati xətanın mahiyyətini izah etmiş və avtomobilin sənədlərini, özünün sürücülük vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Lakin sürücü Şəxs sürücülük vəsiqəsini təqdim etmədiyindən, onlar elektron məlumat bazasından müvafiq yoxlanış apararkən Şəxs sürücülük hüququnun məhdudlaşdırılması və həmin vaxt sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Onlar Şəxs nəqliyyatvasitəsinin idarə edilməsindən kənarlaşdırmağa çalışsalar da o, avtomobilin açarını çıxarıb özündə saxlamış, onlarla əsassız olaraq mübahisə etməyə və onlardan bir qədər aralanıb ucadan danışaraq ətrafdakı sakinləri cəlb etməyə başlamışdır. Ona qanuna müvafiq olaraq nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmalı olduğunu izah etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, “məndən heç kim avtomobilimi ala bilməz” deməklə hərəkətlərini davam etdirib qaçmağa cəhd göstərmişdir. Bu səbəbdən onlar rabitə vasitəsilə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarını köməyə çağırmiş, polis əməkdaşlarının köməkliyindən sonra Şəxs nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılaraq həmin şəxs Şöbənin növbətçi hissəsinə aparılmışdır. Məhkəmədə şahid qismində izahat verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının İİ tağımının inspektoru X7 eyni məzmunlu izahat verməklə şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 15 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməməsi və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsi mümkündür və barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 15 iyun 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 iyun 2024-cü il tarixdə saat 19:50 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 15 iyun 2024-cü il tarixdən saat 19:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 15 iyun 2024-cü il tarixdən saat 19:50-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-737/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-737/2024
17.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver