Məhkəmə qərarları › İş №3(067)-759/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-759/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-759/2021 13.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 12 avqust 2021-cı il tarixdə saat 20 radələrində Xudat PB-nin inzibati binasında sahə rəisi, polis baş leytenantı Rövşən Ələkbərovun harada olmasını soruşmuş, ona sahə rəisinin dünən məsul növbətçi vəzifəsində xidmətdə olduğu üçün hazırda istirahətdə olduğu bildirildikdə, o, əsəbi halda küçə söyüşləri söyərək iş rejimini pozmuşdur. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, 10 dəqiqəyə yaxın öz hərəkətlərini davam etdirmişdir. Məhkəmədə izahat vermiş Şəxs bildirdi ki, 07 avqust 2021-ci il tarixdə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunduğu 14 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra sosial adaptasiya üçün qeydiyyata düçmək məqsədilə Xudat PB-nə gəlmiş, sahə rəisi polis baş leytenantı Rövşən Ələkbərovu soruşmuşdur. Ona polis sahə rəisinin istirahətdə olduğu bildirildikdə o, əsəbləşmiş və ünvansız söyüşlər söymüşdür. Əməlindən peşmandır və barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh növünün seçilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və şahid ifadələri ilə yanaşı tərtib olunmuş inzibati xəta haqqında 13 avqust 2021-ci il tarixli, MN ******* №-li protokolla sübuta yetirilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, onun əməlindən səmimi peşmançılıq çəkməsini, cəzaçəkmə müəssisəsindən yenicə gəldiyi üçün sosial adaptasiyaya ehtiyacı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıb, məsuliyyəti ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar