Məhkəmə qərarları › İş №3(067)-781/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-781/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-781/2024 01.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru Nümayəndə, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: 07 aprel 204-cü il tarixdə Xaçmaz rayonu Çaxmaqlı kəndində vətəndaş X2 yaşadığı evin həyətində qohumu Şəxs arasında mübahisə baş vermiş, həmin mübahisə zamanı Şəxs X3 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Nümayəndə göstərdi ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonunun Çaxmaqlı kəndində yaşayan X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qayınlarının oğulları Şirzad və Mircabbar oğlu tərəfindən döyülməsi barəsində ərizə ilə müraciət etmiş, vətəndaşın ərizəsi Xaçmaz rayon X9 Bölməsində araşdırılaraq iki qardaşın barəsində Şirzad və Mircabbar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə qərar çıxarılıb İctimai Təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxsin dedikləri yalan və böhtandır, o, heç kəsi vurmamış və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun əmisinin arvadıdır. Aralarında şəxsi münasibətlər yaxşı olmadığından, qəsdən ona böhtan atır. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, qayının iki oğlu yəni Şirxan və Mircabbar traktor ilə onun həyətinə gələrək həyətində ki, paltarlar olan teli kəsərək paltarları setkanın üstünə atmışlar. Bu səbəbdən də aralarında mübahisə baş vermişdir. Aralarında baş vermiş mübahisə zamanı Şirxan onun sinəsindən itələmiş, Mircabbar isə onu qıç nahiyyəsindən təpiklə vurmuşdur və buna görə də o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. İşdə olan Xaçmaz rayon X9 Bölməsinin təhqiqatçısı, polis mayoru X10 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 08 aprel 2024-cü il tarixli, 147 saylı rəyindən görünür ki, 1967-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bud və sağ diz oynağı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayinədən 2-4 saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 01 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan ekspert rəyindən görünür ki, Şəxs X4 xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar