Məhkəmə qərarları › İş №3(067)-808/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-808/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-808/2025 12.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1975-ci il təvəllüdlü, Xaçmaz rayonunun Qaraçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, deməsinə görə məhkum olunmamış, Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiallara Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 24 fevral 2025-ci il tarixdə Xaçmaz rayonu, İlxıçı kəndi ərazisində qanunsuz ov ilə məşğul olaraq, 2 ədəd çöl quşunu tələf etmişdir. Bundan başqa həmin tarixdə Xaçmaz rayonu, İlxıçı kəndi ərazisində Şəxs üzərindən «İJ» markalı 4060 nömrəli sənədsiz, yivsiz ov silahı aşkar edilərək götürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X3 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonundan İlxıçı kəndi ərazisində üzərindəki «İJ» markalı 4060 nömrəli sənədsiz, yivsiz ov silahı ilə qanunsuz ov ilə məşğul olaraq, 2 ədəd çöl quşunu tələf etmişdir. Qeyd olunan əməlləri ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonundan İlxıçı kəndi ərazisində atasına məxsus olmuş «İJ» markalı 4060 nömrəli sənədsiz, yivsiz ov silahı ilə qanunsuz ov ilə məşğul olaraq, 2 ədəd çöl quşunu tələf etmişdir. Çöl quşlarını ovlamağın qanunsuz olduğunu bilməmişdir. Hazırda törətdiyi inzibati xəta əməllərinə görə səmimi peşmançılıq hissi keçirir, onun üzərindən aşkar edilərək götürlümüş ov silahının müsadirə edilməsinə etiraz etmir və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs eyni vaxtda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Samir Alxanovun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Xaçmaz RPŞ-nin PPXB-nin tağım komandiri Asif Əliyevin raportu əsasında toplanmış materialda Şəxs və X2 əməlində cinayət tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs və X2 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrinin tərkib əlamətləri olduğundan, qəbul edilmiş qərarın surəti Xaçmaz RPŞ-nin Təhlükəsizlik Bölməsinə göndərilmiş, 2 ədəd mülki silah DİN-nin Maddi-Texniki Təminat Baş idarəsinə təqdim edilməsindən ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Qaraçı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 131 saylı arayışından müəyyən olunur ki, Şəxs həyat yoldaşı və 3 uşaqdan ibarət ailə tərkibi vardır. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Qaraçı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Şəxs müsbət xarakterizə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonundan İlxıçı kəndi ərazisində üzərindəki «İJ» markalı 4060 nömrəli sənədsiz, yivsiz ov silahı ilə qanunsuz ov ilə məşğul olaraq, 2 ədəd çöl quşunu tələf etmişdir. Qeyd olunan ov silahı Şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2.-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3.-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.2.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3.-cü maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, Şəxs daha ciddi xətaya, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd «İJ» markalı 4060 nömrəli sənədsiz, yivsiz ov silahı müsadirə edilməklə, 1 (bir) il müddətə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş, Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan 1 ədəd «İJ» markalı 4060 nömrəli sənədsiz, yivsiz ov silahı müsadirə edilməklə, 1 (bir) il müddətə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar